ABŞ Rusiya aktivlərinə görə G7-ni tələsməyə çağırıb: Avropa ölkələri isə…

ABŞ Rusiya aktivlərinə görə G7-ni tələsməyə çağırıb: Avropa ölkələri isə…

ABŞ G7 ölkələrini Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş aktivlərini müsadirə etməyin mümkün yollarını araşdırmağa çağırıb.

“Financial Times”ın rəsmi mənbələrə istinadən yazdığına görə, dekabrda G7 ölkələrinin maliyyə nazirləri və onların müavinləri müsadirə mexanizmini necə hazırlamaq və bu zaman mümkün risklərdən qaçmaq yollarını müzakirə ediblər. ABŞ və onu dəstəkləyən Böyük Britaniya, Kanada və Yaponiya fevralın sonunda baş tutması gözlənilən Yeddilik Qrupunun görüşünə qədər mümkün variantları hazırlamaq üçün məsələnin yenidən müzakirə olunmasını təklif ediblər. Vaşinqton məsələnin hüquqi tərəfi, mexanizmin tətbiqi üsulları və risklərin azaldılması ilə məşğul olacaq üç işçi qrupu formatında müsadirə imkanlarının müzakirəsini, habelə müsadirə olunmuş aktivlərin Ukraynaya dəstək üçün yönəldilməsi yollarının öyrənilməsini təklif edib.

“Financial Times”ın məlumatına görə, Almaniya, İtaliya və Fransa qərar qəbul edilməzdən əvvəl Rusiya aktivlərinin müsadirəsinin qanuniliyini diqqətlə qiymətləndirmək lazım olduğunu bildiriblər. Bundan əlavə, bir neçə avropalı nazir müzakirələrdə yüksək məxfiliyin qorunmasının vacibliyini vurğulayıb.

Qəzet bildirir ki, Qərb ölkələri həm Rusiyanın dondurulmuş aktivlərinin birbaşa müsadirəsi, həm də onlardan əldə edilən gəlirlərin istifadə imkanlarını araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =