ABŞ və Britaniya HAMAS-a qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ və Böyük Britaniya HAMAS-a qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) HAMAS-ın İsrailə qarşı 7 oktyabr terror hücumlarından sonra onunla əlaqəsi olan fiziki və hüquqi şəxslərə qarşı növbəti sanksiyaları tətbiq edib. Bu, HAMAS-ın əsas rəsmilərini və İranın HAMAS və Fələstin İslami Cihadına (PIJ) dəstək verdiyi mexanizmləri hədəf alır”, – qeyd olunub.
Məlumatda bildirilib ki, bugünkü sanksiyalar Böyük Britaniya ilə koordinasiyalı şəkildə tətbiq olunur və “beynəlxalq maliyyə sistemini HAMAS və onlara kömək edənlər tərəfindən sui-istifadədən qorumaq məqsədi daşıyır”.
Eyni zamanda, ABŞ Dövlət Departamenti PIJ-nin hərbi qanadının liderinə sanksiya tətbiq edib.
Sanksiya tətbiq olunan şəxslər arasında HAMAS-ın həmtəsisçisi Mahmud Xalid Zahhar, PIJ-in İrandakı nümayəndəsi Nasser Əbu Şarif, Dəməşqdə yerləşən PIJ baş katibinin müavini və PIJ-nin silahlı qanadı olan Əl-Qüds Briqadalarının lideri Əkrəm əl-Ajourinin adları var.