ABŞ və Qərbə “iki bacı” xəyanətinin SENSASİON detalları: Kreml İrəvana niyə 200 ton qızıl göndərib

ABŞ və Qərbə “iki bacı” xəyanətinin SENSASİON detalları: Kreml İrəvana niyə 200 ton qızıl göndərib

Fransa və Ermənistan Rusiyanı Avropa Birliyinin iqtisadi sanksiyalarından yayındırır, Avropa məkanı sosial-iqtisadi böhran içərisində çabalayır… Ancaq Qərb müəmmalı şəkildə Ermənistanın Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını qazanc qaynağına çevirməsini sadəcə, sükutla müşahidə edir…

Ukrayna savaşının son nəticələri Avropa Birliyi məkanında sosial-iqtisadi böhranla ortaya çıxmağa başlayıb. Belə ki, Avropa ölkələri hazırda ciddi inflyasiya və bahalaşma prosesi ilə üz-üzə qalıb. Üstəlik, bu proses qətiyyən müvəqqəti xarakter daşımır. Əksinə, artan xətt üzrə inkişaf etməkdədir. Ona görə də, indi Avropa Birliyi ölkələri arasında müəyyən siyasi təlaş əlamətləri müşahidə olunur. Və iqtisadiyyatında davamlı yüksəlişə vərdişli olan “qoca qitə”də mövcud çöküş mərhələsindən necə çıxıla biləcəyi ilə bağlı hələlik tam aydın təsəvvürlər mövcud deyil.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi Rusiyaya qarşı növbəti iqtisadi sanksiyaların tətbiq olunması prosesini də israrla davam etdirir. Əslində, bu prosesin iki zərbə istiqaməti mövcuddur. Belə ki, Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına dağıdıcı zərbələr vurmaqdadır. Hər halda, Rusiya iqtisadiyyatının çəkməkdə olduğu indi Kreml təmsilçiləri tərəfindən də etiraf olunur. Və belə davam edərsə, Rusiyanın yaxın gələcəkdə ümumiyyətlə, defolt ölkəyə çevrilərək, aclıq-səfalət məkanı kimi xaosa sürüklənə biləcəyi istisna deyil.

1643700712_1.jpg (28 KB)

Ancaq Rusiya iqtisadiyyatının çöküş mərhələsində olması, Kremlə qarşı sanksiyalar tətbiq edən Avropa Birliyində dərin məmnuniyyətə o qədər də ciddi əsas vermir. Çünki Avropa Birliyinin Rusiyaya sanksiyaları əks istiqamət üzrə də eyni sarsıdıcı təsirlərə malikdir. Hər halda, Avropa Birliyi məkanında yaşanan iqtisadi çöküşün, maliyyə-iqtisadi böhranın və sürətlə bahalaşmanın əsas səbəbi olaraq, Rusiyaya qarşı sanksiyalar göstərilir. Və bu baxımdan, Avropa Birliyi müəyyən mənada, Rusiyaya qarşı sanksiyalarla həm də “qoca qitə” ölkələrini sarsıdıcı zərbələrə məruz qoymuş olur.

Təbii ki, belə situasiyada bumeranq effekti verdiyi şübhə doğurmayan Rusiyaya sanksiyaların hədəfə daha tez çatması baxımından, onlara necə riayət olunması da böyük önəm daşıyır. Ancaq son məlumatlara görə, Avropa Birliyi ölkələrinin də bu qurumun Rusiyaya qarşı sanksiyalarına tam riayət etmədikləri artıq məlum olmağa başlayıb. Hər halda, bəzi Avropa Birliyi ölkələrinin Rusiyaya sanksiyalardan yayınmaqda səhnə arxası yardım göstərdikləri inkaredilməz reallıqdır. Və özəl iqtisadi maraqlardan çıxış edən belə ölkələrin davranışları sanksiyaların Rusiya iqtisadiyyatında dağıdıcı effekt verməsini ləngidir.

Məsələ ondadır ki, Qərb iqtisadi təhlil mərkəzləri bəzi Avropa ölkələrinin Rusiya ilə səhnə arxası enerji resursları ticarətinin 300 milyard avroya çatdığını iddia edirlər. Həmin iddialara görə, Ukrayna savaşı başladıqdan sonra Avropa ölkələri sanksiyalardan yan keçərək, Rusiyadan sıxılmış təbii qaz və neft məhsulları almaqda davam ediblər. Bu səhnə arxası enerji resursları ticarətinin 100 milyard avroya yaxın hissəsi məhz Rusiyaya qarşı ən sərt mövqe tutan Fransanın payına düşüb. Və bu, onu göstərir ki, Fransa Rusiyaya qarşı sərt mövqeyində qətiyyən səmimi deyil, əksinə, səhnə arxası ticarətlə sanksiyaları pozaraq, Avropa Birliyinin Rusiya siyasətinə xəyanət edir, ağır zərbə vurur.

374384596.jpg (110 KB)

Digər tərəfdən, Fransanın “kiçik bacı”sı Ermənistan da rəsmi Parisin xəyanət kursunda iştirak edir. Belə ki, Qərb iqtisadi təhlil mərkəzləri Ermənistanın Rusiyaya Avropa Birliyi tərəfindən tətbiq olunan iqtisadi sanksiyalardan yayınmaqda yardım etdiyini xüsusi olaraq, vurğulayırlar.  “The Insider” və “Hetq”in ortaq araşdırmalarına görə, Rusiya bir çox ticarət əməliyyatlarını məhz Ermənistan üzərindən reallaşdırır. Xüsusilə də Rusiya Ermənistan vasitəsilə külli miqdarda qızıl ixracına nail olub. Belə ki, Rusiya milyardlarla dollar dəyərində qızılı Qərbin sanksiyalarından yayınmaq üçün Ermənistan ərazisindən keçirib.

Maraqlıdır ki, 2022-2024-cü illər arasında Ermənistan formal olaraq, Rusiyadan 90 ton qızıl satın alıb. 5,5 milyard dollar dəyərində bu qədər qızılı Rusiyadan almaq üçün Ermənistanın maliyyə imkanlarının olmadığı qətiyyən şübhə doğurmur. Digər tərəfdən, Ermənistan kimi kiçik ölkənin Rusiyadan yalnız öz daxili ehtiyacları üçün 90 ton qızıl idxal etdiyinə ancaq sadəlövhlər inana bilər. Üstəlik, o da məlum olub ki, 2023-cü ildən 2024-cü ilin ilk yarısında Ermənistana əlavə 110 ton Rusiya qızılı da daxil olub. Və 6,5 milyard dəyərində olan bu qızıl kütləsinin Ermənistan tərəfindən satın alındığı barədə məlumat isə mövcud deyil.

1715758216.jpg (74 KB)

Göründüyü kimi, Ermənistan üçün fantastik məbləğdə və kütlədə Rusiya qızılı bu ölkəyə daxil olub. Eyni zamanda, məlum olub ki, bu qızıl nə istehsal məmulatı, nə də banklarda rezerv kimi Ermənistan ərazisində qalmayıb. Yəni, araşdırmalara görə, Rusiyadan gətirilən 200 ton qızıl başqa ölkələrə, xüsusilə də, Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub. Belə ki, yalnız 2024-cü ilin ilk yarısında Ermənistandan rekord həcmdə – 60 ton (4,2 milyard dollar dəyərində) Rusiya qızılı keçirilib. Və bu, Rusiyanın qızıl ticarətinin məhz Ermənistan vasitəsilə reallaşdırdığını birmənalı şəkildə təsdiqləyir.

Göründüyü kimi, “iki bacı” – Fransa və Ermənistan Rusiyanı Avropa Birliyinin iqtisadi sanksiyalarından yayındırır. Avropa məkanı sosial-iqtisadi böhrana məruz qalmaqdadır. Ancaq Ermənistan Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını qazanc qaynağına çevirib. Halbuki, digər ölkələrin ən xırda Rusiya ilə ticarət əməliyyatına ən kəskin şəkildə reaksiya verən Avropa Birliyi Ermənistanın xəyanətini sadəcə, sükutla müşahidə edir. Və bu mövqedə Qərbin ermənipərəstliyi, eləcə də, Avropa Birliyini öz maraqlarına məhkum buraxan Fransanın dəstəyi xüsusi rol oynayır.

Elçin XALİDBƏYLİ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 11 =