“Amerikanın hər baxımından dünyaya verdiyi zərər düşünülmüş strategiyadır”

“Amerikanın hər baxımından dünyaya verdiyi zərər düşünülmüş strategiyadır”

Amerikalı alimlər kartofun tərəvəz statusundan çıxarılmasını tələb edirlər. Səbəb kimi bu məhsulun insanların artıq çəki almasına yol açması göstərilir. Alimlər iddia edir ki, əksər insanlar kartofdan qida rasionunda tərəvəz kimi istifadə edir və nəticədə çox kökəlir. Konkret olaraq amerikalıların 66%-dən çoxunda bu, artıq çəki və piylənməyə səbəb olur. Ona görə də onlar kartofun dənli bitkilərə – düyü, buğda və yulaf fəsiləsinə daxil olunmasını istəyirlər. Maraqlıdır ki, amerikalı alimlərin bu təklifi insanların sağlamlığı ilə bağlı hansı dönüş yarada bilər? Doğrudanmı, kartofun tərəvəz kimi istehlakına qarşı çıxmaq artıq çəki problemini aradan qaldırmaqda çıxış yolu sayıla bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran qida məsələləri üzrə ekspert Ağa Salamov hesab edir ki, bu, olduqca absurd bir yanaşmadır. Ekspertin fikrincə, Amerika kartofu tərəvəz statusundan çıxarmazdan öncə fast food-larına (tez hazırlanan yeməklər) əl gəzdirsə və slow food-a (ev yeməkləri) keçsə, daha yaxşı olar: “Bunların arasında fərq nədir? Birincisi tez hazırlanan, ikincisi isə əmək sərf olunan yeməkdir ki, Amerika mətbəxində də o yoxdur. Məsələn, biz öz mətbəximizə nəzər salanda dolma, düşbərə, piti, bozbaş kimi yeməklərin necə çətin hazırlandığını görürük. Və yaxud xaşın hazırlanması saatlarla vaxt aparır. Bunlar slow food-lar sayılır və çətin hazırlandıqlarına, həm də sağlam qida olduğuna görə insanlarda kökəlməyə səbəb olmur. Digər tərəfdən, belə çətin yeməklərin hazırlanması da bir mədəniyyətdir ki, Amerikada bu mədəniyyət yoxdur. Belə demək mümkünsə, özləri öz mədəniyyətsizliklərinin qurbanına çevrilib.

Onların fast food-ları da təəssüflər olsun ki, həm zərərli məhsullardan hazırlanır, həm də zərərsiz məhsulu zərərli edib insanlara verirlər.

İndi kartofun statusunu dəyişmək istəyirlər. Onlar kartofu nə püre kimi, nə də hər hansı xörəkdə hazırlayıb təklif edirlər. Kartofu müəyyən dərəcədə şoklayıb emal edirlər. Kartofdan əsər-əlamət qoymayıb, ancaq kraxmaldan ibarət olan bir məhsul (fri) yaradırlar və bunu da təəssüf ki, doymuş yağda qızardıb müştəriyə verirlər. Yağı niyə görə təəssüflə qeyd edirəm? Ona görə ki, kartof qızaranda artıq akrilamidə – xərçəng hüceyrəsinə çevrilir. Tək kartof yox, bütün karbohidratlar elədir. Bundan əlavə, hansı yağda bişməsi də önəmlidir. Bu qidaların hazırlanmasında trans yağlardan istifadə olunur ki, nəinki obezite, kökəlmə, hətta mədəaltı vəz, qaraciyər piylənməsi, ürək-qan damar sisteminin pozulması və s. hallar baş verir. Və bu, uşaqlarda, qocalarda, hamilələrdə özünü daha kəskin formada büruzə verir. Sağlam insanlarda isə tədricən obezite və kökəlməyə səbəb olur”.

Mütəxəssis hazırda kartofla bağlı məsələni gündəmə gətirən Amerikada əksəriyyətin köklük və piylənmədən əziyyət çəkdiyini vurğulayaraq bunun da məhz sadaladığı amillərlə bağlı olduğuna diqqət çəkib: “Biz həmin ölkədə 250-300 kiloqramlıq çəkiyə malik xeyli sayda adam görə bilərik. Orada hətta dünyanın heç bir yerində rast gəlinməyən yarım tonluq insanları da görmək olar. Bu da sözsüz ki, fast food-un verdiyi zərərlərdir. Ona görə də onlar kartofu tərəvəz siyahısından çıxarmaqdansa, öz mətbəxlərinə əl gəzdirsələr və tez hazırlanan qəlyanaltıları aradan çıxarsalar, daha yaxşı olar.

Ümumiyyətlə, Amerika mətbəxi başdan-ayağa mayonezli və acılı souslardan ibarət təamlarla zəngindir. Bunlar da insanı yedizdirən, yəni iştah açan qidalardır. Məsələn, ketçupdan daha çox istifadə edirlər. Bir nəfərə beş pors kartof frini bol ketçupla təqdim edirlər ki, sousun hesabına adam onun hamısını yeyir. Yəni əgər özlərinə alim deyən amerikalılar yenilik etmək istəyirlərsə, insanları şüuraltı yeməyə sövq edən və onları kökəldən amilləri araşdırıb üzə çıxarmalıdırlar, əksinə asan yol seçib, kartofu tərəvəz siyahısından çıxarmamalıdırlar. Məgər nəzəriyyədə dəyişiklik etməklə, yəni kartofu paxlalılar sırasına salmaqla fast food-u yığışdıra biləcəklərmi? Xeyr! Fast food yenə əvvəlki kimi qalacaq, hamı da yenə öz bildiyi kimi bişirib insanlara verəcək. Hətta bu yaxınlarda lobyanın doymuş yağda bişirilmiş yeni qəlyanaltısını yayıblar. Bir sözlə, hər şeydən zərərli bir menyu ortaya qoyurlar. Sanki bu ölkə bütün dünyanı məhv etmək üçün yaradılmış bir məmləkətdir. Mən deyərdim ki, Amerikanın istər qida, istər silah, istərsə də iyrənc siyasət baxımından dünyaya verdiyi zərər düşünülmüş strategiyadır. Amma anlamırlar ki, bunun bir ucu da özlərinə toxunur”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =