Amsterdamda Fələstin nümayişləri zamanı polis zorakılığı: Çoxlu yaralı var
Amsterdamda polisin Fələstin tərəfdarı nümayişçilərə qarşı zorakılığı nəticəsində çoxlu insan yaralanıb. Bu müdaxilə israilli azarkeşlərin təxribatçı hərəkətlərinə qarşı planlaşdırılan nümayişin qarşısı məhkəmə qərarı ilə alındıqdan sonra baş verib.
Hollandiya polisi Amsterdamın mərkəzi Dam Meydanında Fələstin tərəfdarı nümayişçiləri zorla dağıtdı və bəzi etirazçıları saxladı.
Polisin nümayişlərə müdaxiləsi nəticəsində çoxlu sayda etirazçının yaralandığı bildirilib.
AFP xəbər verir ki, Hollandiya polisi etirazçılara paytaxt Amsterdamın mərkəzindəki Dam meydanını tərk etmələri barədə xəbərdarlıq edib, lakin bu xəbərdarlığa baxmayaraq meydanı tərk etməyən nümayişçilərə müdaxilə edib.
Bu hadisə Amsterdamda Fələstin tərəfdarı nümayişin təşkili üçün Hollandiya hakimiyyətinə edilən müraciət məhkəmə qərarı ilə əngəlləndikdən sonra baş verib.
İsrailli futbol azarkeşlərindən ibarət qruplarla ərəb gənclər arasında baş verən qarşıdurmalardan sonra məhkəmə bələdiyyə sədrinin tələbi ilə qadağa qərarını qəbul edib.
Bildirilib ki, bu qərara İsrailin “Makkabi Tel-Əviv” futbol komandasının azarkeşlərinin bir müddət əvvəl Amsterdam küçələrində və evlərin qarşısında Fələstin bayraqlarını cırması, ərəblərə və fələstinlilərə qarşı şüarlar səsləndirməsi, onlara qarşı təxribat xarakterli hərəkətlər etməsi təsir edib. Qəzzə xalqını daha çox ölüm və dağıntıya çağırdı.
Digər tərəfdən Fransada cümə axşamı Fransa ilə İsrail arasında UEFA Millətlər Liqası matçından əvvəl Parisdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.
Paris polis rəisi Laurent Nunez hadisəni yüksək risk adlandırıb və stadion, ictimai nəqliyyat vasitələri və şəhərin hər yerində 4 min jandarmın yerləşdiriləcəyini açıqlayıb.