Apteklərdə niyə ucuz dərman preparatları tapılmır?
Son vaxtlar Azərbaycan Respublikasında apteklərdə ucuz dərman preparatları tapılmır. Sputnik Azərbaycanın verdiyi məlumata görə, illərdir sınanılan, keyfiyyətinə və qiymətinə görə vətəndaşların daha çox üstünlük verdiyi dərman preparatlarının yerini bahalı dərmanlar alıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev çıxışında bildirib ki, bir qutusu 73 manata satılan “Sincardi” preparatı artıq ölkəyə gəlmir. Onun əvəzinə ölkəyə gətirilən dərman isə 230 manata satılır.İqtisadçı Natiq Cəfərli yaranmış vəziyyətin dövlət tərəfindən qiymətin tənzimləməsinin nəticəsi olduğununu bildirir:
“Ucuz dərman preparatları dərmanlar, dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimləndikdən sonra qəhətə çəkilib. Tənzimləmə ölkəyə keyfiyyətsiz və baha dərmanların gəlməsinə səbəb olub”,- N. Cəfərli deyib.O durumu belə şərh edib:”Dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi bazarın inhisarlaşmasına gətirib çıxarıb. Kiçik dərman şirkətləri tədricən bazarda rəqabətə davam gətirməyib bağlandılar. Dərman bazarı böyük şirkətlərin inhisarına çevrilib”.İqtisadçı onu da bildirib ki, iri dərman şirkətləri ölkəyə daha çox bahalı dərman preparatları gətirməyə maraqlıdırlar:”Çünki bu zaman gəlirləri dəfələrlə çox olur. Bunun zərərini isə əhali çəkir”,- Natiq Cəfərli deyib.