Artıq sərhədlər açılana oxşamır

Artıq sərhədlər açılana oxşamır

Koronavirus söhbətinin dünya səviyyəsində gündəmdən çoxdandır çıxarılmasına baxmayaraq Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martında tətbiq edilmiş xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb.

Rejimin müddətinin 2 aprel saat 06.00-a qədər uzadıldığı deyilir. Bundan əvvəl karantin rejimi 2 yanvar saat 00.06-ya qədər uzadılmışdı.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi dedikdə əslində bu ölkənin quru sərhədlərinin bağlı qalması nəzərdə tutulur. Çünki karantin rejiminin məhdudiyyətlərindən yalnız quru sərhədlərinin bağlanması qalır. 

Sərhədlərin illərdir bağlı qalması isə Azərbacan xalqının xüsusiylə sərhəd sakinlərinin məişətinə, rifah səviyyəsinə və əhval-ruhiyyəsinə mənfi təsirlər buraxır.

Hal-hazırda Cənubi Koreya istisna olmaqla dünyada koronavirus ilə bağlı xüsusi karantin rejimi tətbiq edən və quru sərhədlərini bağlı saxlayan yeganə ölkə Azərbaycan Respublikasıdır.

Xatırladaq ki, koronavirusun insan həyatını təhdid etməsi barədə nə dünyada nə də Azərbaycan Respublikasında heç bir məlumat mövcud deyil.

9 dekabrda Azərbaycan Respublikası prezidenti İlham Əliyev  “Euronews” televiziyasına müsahibəsində ölkə sərhədlərinin bağlı qalmasının səbəbinin koronavirus pandemiyası olmadığını etiraf etdi:

“Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var”,- deyən İlham Əliyev sərhədlərin də məhz buna görə bağlı olduğunu bildirdi:

“Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın”,- İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Sosial şəbəkə istifadəçiləri isə sərhədlərin bağlı qalmasının mənfi nəticələrinə ən çox məruz qalan tərəfin, Azərbaycan xalqı və sərhədyanı bölgə sakinləri olduğunu bildirirlər.

Sərhədlərin bağlı qalmasına vaxtaşırı olaraq deputatlar da münasibət bildirməli olublar.

Milli Məclisin deputatı Razi Nurullayev avqustun 18-də mətbuata verdiyi müsahibədə quru sərhədlərin açılmasının tərəfdarı olduğunu bildirmişdi:

“Quru sərhədlərinin açılması ilə bağlı ciddi, anlaşılmayan məsələlər var. Mən istərdim ki, elə günü sabah quru sərhədləri açılsın. Çünki quru sərhədlərin açılması yüz minlərlə insanın həyatının asanlaşdırılması deməkdir, yüz minlərlə insanın xırda ticarətlə evinə çörək aparması deməkdir və yüz minlərlə insanın sərhədi keçərək Azərbaycana turizm məqsədi ilə gəlməsi deməkdir.”- Razı Nurullayev demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =