Avropa dövlətlərinin 76 il gecikən addımı – Fələstinin 28 Mayı İsrailin yaralı yeridir

Avropa dövlətlərinin 76 il gecikən addımı – Fələstinin 28 Mayı İsrailin yaralı yeridir

Nəhayət, bir neçə Avropa dövləti qətiyyət göstərərək Fələstin dövlətini tanıdı. Böyük dövlətlərin atdığı müvafiq addımın ardınca “qoca qitə”nin digər, nisbətən kiçik dövlətləri də ləngimədən eyni addımları atacaq, İspaniya, İrlandiya, Norveçə qoşulacaqlar.

Əslində Avropa dövlətləri bu addımı 1948-ci ildə BMT Baş Assambleyasının qərarı ilə Fələstin torpaqlarında yəhudi (İsrail) və ərəb (Fələasrin) icmaları əsasında iki milli dövlətin yaranması barədə qətnamə qəbul edilərkən ata bilərdilər.

Ancaq o vaxt BMT-nin planı işə yaramayıb. Tərəflər razılaşmayıblar. Plana əsasən, yəhudi dövlətinə 14,1 min kvadratmetr ərazi ayrılıb. O vaxt İsrailə ayrılan ərazidə 538 min yəhudi, 397 min ərəb yaşayıb. Fələstin dövləti üçün isə 11,1 min kv.m. km-lik ərazi nəzərdə tutulub və bu ərazidə 804 min ərəb və 10 min yəhudi məskunlaşıb. Yerusəlim və Beytləhm şəhərlərində isə, o zamankı məlumatlara görə, 105,5 min ərəb və 99,5 min yəhudi yaşayıb.

Ərəb Liqası bu planı rədd edərək böyük tarixi səhvə yol verib, yəhudi dövlətinin yaradılmasını prinsipial olaraq qəbul etməyiblər. Müfti Əmin əl-Hüseyninin qəbiləsinin rəhbərlik etdiyi Fələstin ərəblərini təmsil edən Ali Ərəb Komitəsi də barışmaz mövqe tutaraq BMT komissiyasının işini boykot edib. Yəhudilər isə əksinə, təmkinli ifadələrlə komissiya üzvlərinin hesabatını təsdiqləyib.

Başqa sözlə, şərtlər necə olursa-olsun, 76 il öncə Fələstin yəhudiləri konstruktiv, Fələstin ərəbləri isə destruktiv mövqe tutublar. Ərəblər yəhudilərin öz tarixi torpaqlarında dövlət qurmaq, mövcud olmaq haqqını tanımayınca, bu, ABŞ-dən, Avropadan güc alan yəhudilərə səbəb və ya bəhanə verib ki, onlar silah və zor yoluyla Fələstin dövlətinin yaranmasına mane olsunlar.

Yeni yaranmş İsrail dövləti tezliklə müasir döyüş texnikası əldə etmələri sayəsində və əsrlərlə öz milli dövlətlərini qurmaq üçün alışıb-yanan İsrail oğullarının fanatikcəsinə çarpışmasıyla regiondakı ərəb dövlətlərinə qalib gəliblər. Bu, “altı günlük müharibə”dən əvvəlki hərbi əməliyyatlara da aiddir, həmin savaşın özünə də, ondan sonra baş verən lokal, qısa müddətli toqquşmalara da.

Ancaq Fələstin xalqı hər dəfə savaşda məğlub olsa da, böyük itkilər versə də, mübarizədən vaz keçməyib, yeni təşkilatlar yaradıb, zaman-zaman itaətsizlik aksiyalarına, xalq üsyanlarına, terror aktlarına əl atıb, siyasi mübarizəni hərbi müqavimətlə çulğaşdırıb, Yaxın Şərqdə hərbi-siyasi sabitlik yaranmasına imkan verməyib.

Bu hibrid mübarizənin nəticəsi 76 ildən sonra olsa da, artıq bəhrəsini verməkdədir. İndi Avropa dövlətləri anlayır ki, Fələstin xalqı birmənalı olaraq yəhudilərlə eyni dövlətdə yaşamaq istəmirlər və bu yolda sona qədər savaşacaqlar. Vaxtilə alman nasistləri tərəfindən amansız soyqırıma məruz qalan yəhudilərə böyük mərhəmətlə yanaşan və II dünya müharibəsindən sonra onların öz milli dövlətlərini qurmasını təmin edən Avropa dövlətləri bu dəfə eyni anlayışla Fələstin ərəblərinə yanaşır, onların da ardıcıl xarakter daşıyan qətliamlara məruz qalmasının sonlanması üçün öz dövlətlərinə malik olmalarını yeganə çıxış yolu hesab edirlər.

Bu situasiya, təbii ki, İsrail dövlətinin xoşuna gəlmir və hazırda Təl-Əviv Fələstin dövlətini tanıyan Avropa dövlətlətlərinə diplomatik təzyiq göstərir, bəyanat verir, səfirlərini geri çağırır, onları HƏMAS-ın 7 oktyabr hücumunda həlak olan məsum insanların xatirəsinə sayğısız yanaşmaqda ittiham edir və s.

Ancaq müşahidələr göstərir ki, Avropanın üzünü İsraildən döndərən məsələ məhz 7 oktyabr hücumundan sonra İsrailin Qəzzaya etdiyi əks-hücum və onun nəticələridir.

Hamı gözləyirdi ki, İsrail dövləti terrorçulara qarşı başlatdığı hücumu bir neçə gün ərzində başa çatdıracaq, uzağı oktyabrın ortalarında Qəzza savaşı dayanacaq. Ancaq elə olmadı. Müharibə İsrailin 7 oktyabrda həlak olan vətəndaşlarının sayı qədər fələstinli məhv edildikdən sonra da dayanmadı. Sonra Qəzzada ölənlərin sayı İsrailin 7 oktyabrda verdiyi itkinin iki, üç, beş, on mislinə çıxdı, savaş yenə də dayandırılmadı.

İndi belə anlaşılır ki, İsrail dövləti, baş nazir Binyamin Netenyahunun başçılıq etdiyi administrasiya Qəzza problemini yerli-dibli həll etmək, qırdığını qırmaq, yerdə qalanlarını isə sektordan qovmaq istəyir. Avropa dövlətlərinin düşüncəsinə görə, bu, artıq hərbi cinayətdir və buna göz yummaq olmaz.

Artıq Sloveniya və Belçika da Fələstini tanımağa hazır olduqlarını bəyan ediblər.

2011-ci ilə qədər Avropa İttifaqında yalnız keçmiş sovet blokuna daxil olan dövlətlər (Rumıniya, Polşa, Slovakiya, Macarıstan və Çexiya) Fələstinlə diplomatik əlaqələrə malik idilər. Bir də bu sırada Malta dövləti vardı. 2011-ci ildə Kipr də Fələstinlə diplomatik əlaqələr qurdu.

Fələstinlilərin Qərbin rəğbətini qazanması tarixi on il öncədən başlayır. 2014-cü ildə İsveç Fələstini tanıyan ilk Qərbi Avropa dövləti olub. Lakin Aİ ölkələrindən heç kim ondan nümunə götürməyib. İsveçin özündə isə onların hökumətinin qərarı birmənalı qarşılanmayıb. Yalnız İsrailin Qəzza zolağında dinc sakinlərin ölümü ilə nəticələnən hərbi əməliyyatının başlamasından sonra bu tarixi qərara dair tərəddüdlər sıfırlandı.

“On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında biz həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi qoruyub saxlamalıyıq: sülh və təhlükəsizlik şəraitində yan-yana yaşayan iki dövlət”, – Norveçin baş naziri Yonas Störe Fələstinin tanınması barədə qərarına belə bir rezüme verib.

Norveçin xarici işlər naziri Espen Bart Eyde isə ölkəsinin ərəb-yəhudi münaqişəsində heç kimin tərəfində olmadığını vurğulayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın Netanyahunun, İsrailin müdafiə naziri Yoav Qalantın və HƏMAS-ın üç liderini – İsmayıl Haniyə, Yəhya Sinvar və Məhəmməd Deyfin müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs edilməsi tələbini şərh edib. Espen Bart Eyde deyib ki, əgər BCM müvafiq order verərsə, Norveç hüquq-mühafizə orqanları bu beş nəfərdən hər hansı birini Norveç ərazisində saxlamaqdan çəkinməyəcək.

Norveç, İrlandiya və İspaniyanın Fələstini tanımaq haqqında qərarı mayın 28-də qüvvəyə minəcək. Həmin gün fələstinlilər üçün əlamətdar gündür. 60 il öncə həmin gün Yasir Ərəfatın başçılığı ilə Fələstin Azadlıq Təşkilatı yaradılıb.

60 il əvvəl FAT yaradılanda o, Fələstin Xartiyası qəbul edib və həmin sənəddə göstərilib ki, İsrail dövləti fələstinlilər tərəfindən “tanınmır və heç vaxt tanınmayacaq”. 1998-ci ildə Fələstin parlamenti bu bəndi ləğv edib. Amma bu, nizamnamə mətnindən çıxarılmayıb. Ona görə də İsrail üçün 28 May qıcıqlandırıcı bir tarixdir.

Orası da var ki, ABŞ, eləcə də Avropa Birliyindəki bir çox dövlətlər Fələstini bu tezlikdə tanımayacaqlar. İsrail xüsusilə də Macarıstan və Almaniyaya ümid bəsləyir. Onların liderləri və xalqı açıq-aydın yəhudi dövlətinə üstünlük verir. ABŞ-ın özündə də İsrailyönlü əhval-ruhiyyə hələ də, xüsusilə seçki ilində nəzərə alınacaq qədər güclüdür. Təəccüblü deyil ki, Ağ Ev üç ölkənin qərarını “birtərəfli” adlandıraraq qınayıb.

Araz Altaylı, Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =