Avropa İttifaqının Azərbaycanı jurnalistləri azad etməyə çağırışına Bakının cavabı

Avropa İttifaqının Azərbaycanı jurnalistləri azad etməyə çağırışına Bakının cavabı

Azərbaycan XİN-dən Aİ-ə cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun “Politico” qəzetinə müsahibəsində Azərbaycanda müstəqil jurnalistlər və hüquq müdafiəçilərinin həbs olunması haqda fikirlərinə münasibət bildirib.

Nazirliyin sözçüsü müsahibədə Azərbaycanla bağlı yer alan fikirləri qərəzli sayıb. “Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə, fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlər kökündən yanlışdır”, – o vurğulayıb.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

+++

Avropa İttifaqı Azərbaycanı, hökuməti açıq tənqid etdikdən sonra həbs olunmuş tanınmış alimin hüquqlarına ehtiram nümayiş etdirməyə çağırıb.

Bu barədə Politico saytına danışan Avropa İttifaqı xarici işlər idarəsinin sözçüsü Peter Stano deyib ki, Brüssel “Cənubi Qafqazda sülhü təbliğ edən” gənc alim Bəhruz Səmədovla bağlı işi ilə bağlı məsələni narahatlıqla izləyir.

Bugün, avqustun 23-də Səbail Rayon Məhkəməsində iki gün əvvəl saxlanan politoloq Bəhruz Səmədov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O cinayət məcəlləsinin 274-ci maddəsi (Dövlətə xəyanət) ilə ittiham edilir.

Həmin maddə ilə şəxsə 12 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası verilə bilər.

Vəkil Zibeydə Sadıqova deyib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Səmədov məhkəmədə özünü təqsirli bilməyib və ona qarşı təzyiqlərin olduğunu bildirib.

Politico xatırladır ki, Azərbaycanın Aİ ilə sıx münasibətləri var və tərəflər 2022-ci ildə blokun Rusiyanın qaz asılılığından çıxarılması üçün təbii qaz ixracına dair saziş imzalayıblar. Bundan başqa Azərbaycan bu ilin noyabr ayında keçiriləcək iqlim konfransına ev sahibliyi edəcək və Bakı bu konfransı “sülh konfransı” etmək istədiyini bildirib.

Stano deyib ki, Səmədovdan əvvəl Azərbaycanda ötən ildən bəri getdikcə artan sayda jurnalistlər, insan haqları fəalları və vətəndaş cəmiyyəti nümayəndələri saxlanıb.

Aİ sözçüsü öz təməl hüquqlarından istifadəyə görə saxlananların hamısının azadlığa buraxılmasına çağırıb.

Stano bildiriri ki, Avropa İttifaqı Azərbaycanı saxlananların işi ilə bağlı şəffaflığın və onların ləyaqətli şəraitdə saxlanmalarının təmin edilməsinə çağırıb.

Bundan əvvəl Freedom House insan haqları təşkilatı bildirmişdi ki, Azərbaycanda müstəqil ədliyyə sistemi yoxdur və bu, müxalifət fiqurlarına, fəallara və tənqidçi jurnalistlərə qarşı qondarma cinayət işlərinin açılmasına imkan verir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi baxışlarına görə heç kimin təqib olunmadığında israr edir və bildirir ki, sözü gedən şəxslər konkret cinayət əməllərinə görə saxlanılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 15 =