“Ayılanda gördüm ki, sol biləyim yoxdur” – Vətən müharibəsində yaralanmış gizir – Tatar Rasim Yaxin
Müzəffər Azərbaycan Ordusu ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük “Dəmir yumruq” əməliyyatında – Vətən müharibəsində erməni işğalçılarının başını əzərək, torpaqlarımızı azad etdi. Azərbaycanın düşmən üzərində qazandığı bu möhtəşəm Qələbədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının da öz zəhməti və hünər payı var.
Vətən müharibəsində rəşadətlə döyüşərək yaralanmış hərbi qulluqçularımızın bugünkü və gələcək nəsillərə örnək olacaq həyat və döyüş yolunu işıqlandırmaqda davam edirik.
Daxili Qoşunların Vətən müharibəsində qəhrəmancasına döyüşərək ağır yaralanmış hərbi qulluqçularından biri gizir Yaxin Rasim Rinatoviçdir.
Gizir Rasim Yaxin 1988-ci il avqustun 4-də Bakı şəhərində anadan olub. Milliyyətcə tatar olan Yaxinlər ailəsində böyüyüb boya-başa çatan Rasim orta təhsilini Səbail rayonundakı Etibar Əliyev adına 162 saylı orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini 2006-2008-ci illərdə Milli Qvardiyanın xüsusi təyinatlı bölməsində keçib. 2011-ci ildən Daxili Qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb.
Xidmət etdiyi dövrdə iki dəfə – 2014-cü ilin sentyabr ayından 2015-ci ilin mart ayınadək Daxili Qoşunların Ali Hərbi Məktəbində və 2020-ci ilin fevral ayının 10-dan 28-dək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Özəl Asayiş Komandanlığında müvafiq olaraq “Gizir hazırlığı kursu” və “Qış dağ arama qurtarma və xizək sürmə kursu”nda təhsil alıb.
Hərbi hissənin ayrı-ayrı bölmələrinin tərkibində müxtəlif vəzifələrdə xidmətini davam etdirən R.Yaxin 2018-ci ilin may ayından yaralandığı günədək xüsusi təyinatlı dəstədə yarımqrup komandiri kimi vəzifələrini layiqincə yerinə yetirib. Hər zaman yüksək hərbi intizamı və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir sıra mükafatlarla təltif edilib.
Vətən torpaqlarını düşmən tapdağından azad görmək hər bir Azərbaycan vətəndaşı kimi onun da ən böyük arzusu olub. Məhz buna görə də Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsində fəal iştirak edən gizirimiz Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına vuruşub:
“Qismətimə qazi və ya şəhid olmaq yazılıbsa belə, bunun ilk döyüşlərdə baş verməsini istəmirdim. Çünki ən böyük arzum sonadək vuruşmaq və torpaqlarımızı azad görmək idi. İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində olub. Sonra Cəbrayıl və Füzuli rayonlarının bir sıra yaşayış məntəqələrinin və bu bölgədəki yüksəkliklərin azad olunması üzrə gedən döyüş əməliyyatlarında yaxından iştirak etdik. Ən son tapşırığımız isə Şuşanın azad olunması idi.
Noyabrın 6-da axşam Şuşaya hücuma keçdik. Şuşa istiqamətində aparılan uğurlu döyüş əməliyyatı nəticəsində bir neçə strateji yüksəklik düşməndən azad edildi. Yüksəklikləri alandan sonra, növbəti günün axşamı ermənilər olduğumuz mövqeləri tank və minaatanlardan güclü atəşə tutdular… Bir də o yadımdadır ki, qulağımda möhkəm səs əmələ gəldi və hər yeri qırmızı görürdüm. Nəfəs ala bilmirdim. Nəfəs alandan sonra sanki ayıldım və hiss etdim ki, sol qolumda istilik var. Baxanda gördüm ki, sol biləyim yoxdur. Yanımda Qazax rayonunun Çaylı kəndindən olan döyüşçü yoldaşım baş çavuş İsmayıl Qəsəbov vardı. Onu sirkələyəndən sonra gördüm ki, şəhid olub. Allah rəhmət eləsin. Çox qəhrəman bir döyüşçü idi…
Sonra başladım sanitar axtarmağa. Sanitar ilkin yardımı göstərdikdən sonra gecəni qaldıq orada. Səhərə yaxın yaralıları apardılar, bir evə yığdılar. Noyabrın 8-i axşam isə oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər”.
Gizir R.Yaxin burada 3 dəfə əməliyyat olunub. Şuşanın azad olunması uğrunda gedən qanlı döyüşdə ağır yaralanaraq sol gözünü və biləyini itirən Rasim buna təəssüflənmədiyini, əksinə, ən böyük arzu-suna qovuşduğunu deyir:
“Qəlpə sol gözümü və çənəmi üç yerdən dağıtmışdı. Həm də qəlpə sol biləyimi aparıb. Daxili Qoşunların Qospitalında keçirdiyim əməliyyatlardan sonra bir az özümə gəlmişəm və düzəlmişəm. Gözüm əməliyyat olunub, amma mən hələ də görmürəm. Mən fəxr edirəm ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qardaşlarımıza da şəfa versin. Mənim milliyyətim tatardır. Amma Azərbaycan vətəndaşıyam və bununla da fəxr edirəm. Mən Azərbaycanın suyunu içib, çörəyini yemişəm. Mənim övladlarım da Azərbaycanın suyunu içib, çörəyini yeyib. Bundan sonra da Azərbaycanın torpaqları uğrunda vuruşmağa və müdafiəsində dayanmağa hazıram”.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə gizir Yaxin Rasim Rinatoviç “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
“N” saylı hərbi hissədə “Şahin” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmiş polkovnik Zəfər Yusubov (Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşdə yaralanıb) dəstədə yarımqrup komandiri kimi xidmət etmiş gizir R.Yaxinin yoldaşları tərəfindən bu gün də vətənpərvər və nümunəvi hərbi qulluqçu kimi xatırlandığını deyir:
“Vətən müharibəsində dəstəmizin qəhrəmancasına vuruşaraq yaralanan 51 nəfər hərbi qulluqçusundan biri də gizir Rasim Yaxindir.
Olduqca vətənpərvər və son dərəcə məsuliyyətli hərbi qulluqçu olan gizir R.Yaxinin kiçik komandir kimi fəaliyyəti hərbi hissə komandanlığı tərəfindən də hər zaman müsbət qiymətləndirilib. Belə ki, atəş və fiziki hazırlıq üzrə keçirilən praktiki məşğələlərdə onun komandiri olduğu yarımqrup qazandığı müsbət nəticələrə görə fərqlənib və nümunə olub. Xidməti-vəzifə borclarının öhdəsindən layiqincə gələn və kollektiv arasında böyük nüfuza malik olan bir hərbi qulluqçu kimi tanınıb. Nə deyim? Qazi silahdaşımızla hər zaman qürur duyur və Rasimin timsalında bütün yaralanmış hərbi qulluqçularımıza şəfa diləyirik”.
Rasimin Amina və Alsu adında iki qız övladı var. Adını Vətənin qəhrəmanlıq tarixinə yazmış cəsur hərbi qulluqçumuza bundan sonra da sevdikləri ilə birgə məsud yaşamasını arzu edirik.
Mayor Anar Əhmədov,
DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru