Bakıda 35 yaşlı şəxs məhkəmə binasını yandırmaq istədi
Suraxanı Rayon Məhkəməsinin inzibati binasını yandırmağa cəhd edən şəxsin məhkəmə prosesi başa çatıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmunə əsasən, 1987-ci il təvəllüdlü Nurlan Quliyev (soyad şərtidir) 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nurlan sözügedən hadisənini ötən ilin iyulun 29-da gecə saat 23 radələrində törədib. O, binanın qorunan ərazisinə qanunsuz daxil olaraq əvvəlcədən hazırladığı xüsusi vasitələrlə məhkəmə binasına bitişik olan plastmas zibil qabını yandırıb. Təqsirləndirilən şəxs inzibati binanın üzlüyünün tezalışan materialdan olduğunu bildiyi üçün bu addımı atıb.
O, zibil qutusunun alışmağa başlamasından sonra hadisə yerindən gedib. Lakin xoşbəxtlikdən həmin gecə yağışın yağması alovu söndürüb. Qısa müddət sonra yenidən hadisə yerinə gələn Nurlan, binanın yanmadığını görüb və bu dəfə özüylə gətirdiyi kəlbətinlə binaya gedən işıq kabellərini kəsib.
Məhkəmə zamanı məlum olub ki, Nurlanı Suraxanı Rayon Məhkəməsində işləyən işləyən hər hansı bir şəxslə problemi olmayıb. Bundan başqa onun hər hansı bir məhkəmə prossesi də olmayıb, ona qarşı hər hansı haqsızlıq edilməyib.
Nurlan Quliyev bunu məhkəmənin yekun hökm verməsinə görə etdiyini bildirib. 2014-cü ildən dinlə məşğul olduğunu bildirən Nurlan qeyd edib ki, o, İslam qanunlarından başqa hər hansı qanunu qəbul etmir.
Onu da əlavə edək ki, 2021-ci ilin mayın 29-da istifadəyə verilən məhkəmə binasının içindəki invertarlarla birgə ümumi dəyəri 9.897.829,53 manatdır.
BAKU.WS