Bakıda XÜSUSİ ƏMƏLİYYAT: saxta pul, silsilə oğurluqlar… -ViİDEO
Sabunçu rayonuda saxta pul hazırlayaraq dövriyyəyə buraxan, eləcə də 40-a yaxın evdən silsilə oğurluqlar edən 3 dəstənin 8 nəfərdən ibarət üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
Belə ki, polisə Zabrat qəsəbəsində yerləşən marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əskinaslar verdiyi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin qadın Rəna Süleymanova müəyyən edilərək tutulub. Araşdırmalar zamanı saxta pul hazırlayaraq dövriyyəyə buraxmaqda şübhəli bilinən dəstə başçısı İsmayıl Quliyev, onun tanışları Valeh Novruzov və Elnarə İsayeva da tutularaq Polis Bölməsinə gətiriliblər. İsmayıl Quliyevin Nizami rayonunda yaşadığı evə baxış zamanı əlavə olaraq 247 ədəd saxta əskinas aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində saxta pulların İsmayıl Quliyev tərəfindən hazırlandığını bildiriblər. Valeh Novruzov isə icarəyə götürdüyü avtomobillə Rəna Süleymanova və Elnarə İsayevanı müxtəlif yerlərə apararaq alış-veriş zamanı saxta pulların dövriyyəyə buraxılmasını təşkil edib. Saxlanılan şəxslərin marketlərə saxta əskinaslar təqdim etməsi obyektlərin kameraları vasitəsi ilə də görüntülənib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə Kürdəxanı və ətraf qəsəbələrdə yerləşən bağ evlərindən silsilə oğurluqlar edən əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Nəcəfov və Azər Rəhimov tutulublar. Araşdırma zamanı onların 7 evdən əsasən qızıl-zinət əşyaları və pul oğurladıqları məlum olub. Bu şəxslərin zərərçəkən ev sahiblərinə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zaman isə Sabunçu rayonunun müxtəlif qəsəbələrində yeni tikilməkdə olan evlərdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən daha bir dəstənin üzvləri – Sahil Əliyev və Vüsal Bədəlov tutulublar. Bu şəxslərin saxlanılan günə qədər Sabunçu rayonunda 30-dan çox evdən oğurluq etdikləri məlum olub. Dəstə üzvləri oğurladıqları əşyaları Sahil Əliyevə məxsus yük maşını ilə həmin evlərdən aparıblar.
Aşkar edilən bütün faktlarla əlaqədar araşdırmalar davam etdirilir. Bu şəxslərin əməllərində zərərçəkən başqa vətəndaşlar varsa, Sabunçu Rayon Polis İdarəsinə, 15-ci Polis Bölməsinə, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Lent.az