Bakıya hər yerdən hücumlar edilir: Yeni dalğa…
Azərbaycana qarşı sanki xüsusi tapşırıqla hər yerdən hücumlar edilir: proses yalnız beynəlxalq təşkilatlar, yəni son hadisələr fonunda AŞPA, yaxud bundan öncə AP, ABŞ və Fransa parlamentlərinin “aşağı-yuxarı” palataları deyil, qeyri-hökumət təşkilatları, qeyri-dövlət turist kampaniyaları, ayrı-ayrı media mənsubları – təkcə məqalələrində yox, həm də sosial şəbəkələrdəki səhifələrində – və həm də donorluq edən qurumlar vasitəsilə aparılır.
Ötən gün “korrupsiya indeksi” ilə ölkəmizi az qala “dözülməz investisiya mühiti” cərgəsinə salanlara bu gün “təhlükəsiz ölkə” və “təhlükəsiz şəhər” “reytinqlərindən” dəstək gəlir.
Bu siyahılar, əlbəttə ki, böyük mənada yalan deyil, sadəcə, həqiqətin “bir hissəsidir”. Yəni siyahılar hazırlanarkən ədalətli görünmək üçün hər şey edilir, ancaq “ən gözəgəlimli yerlərə” Qərbin maraqlarının ifadəçisi olan ölkələr səliqə-sahmanla yerləşdirilir.
Yeni siyahıya baxaq: “ən təhlükəsiz ölkələr” reytinqində Ermənistan 7-də, Azərbaycan 33-də, “ən təhlükəsiz şəhərlər” reytinqində İrəvan 13-də, Bakı 70-dədir.
Bəs, axı Ermənistanda müharibə təhlükəsi vardı, Azərbaycan Ordusu Ermənistanın nəfəsini kəsmişdi, ərazisinə girmişdi, erməni xalqı üçün təhdidlər yaradırdı; bəs, axı biz Ermənistanı bir dövlət kimi ləğv etməyi hədəfləmişik və buna görə AB-də Borrellin süpürgəçisi də bizə barmaq silkələyir; bəs, Azərbaycan Ordusu tətikdədir, Ermənistana girmək üçün fürsət gözləyir… Noldu, “təhlükəsiz ölkə” sıralamasında Ermənistan 7-ci, İrəvan 13-ə qalxası oldu?
Çünki turist təşviqi məsələsi var; çünki turisləri məhz Ermənistana və Gürcüstana göndərmək istəyirlər – ona görə Ermənistanı (7) hətta Gürcüstandan (19), İrəvanı (13) Tiflisdən (32) də qabağa keçirirlər; çünki Gürcüstan onsuz da yolunu bəlli edib, indi əsas məsələ Ermənistandır.
Azərbaycanın siyasi təzyiqlər vasitəsilə geri çəkilmədiyini görüb, iqtisadi zərərvurma kampaniyası aparırlar: hətta bir turisti belə ölkəmizə gəlməkdən yayındırıb, Ermənistana göndərmək uğrunda yarışırlar.
Ermənistanın Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları necə dəldiyini Avropa mediası az öncə özü manşetinə daşımışdı. Hamısı statistikada əks olunub: Ermənistanın Rusiyaya ixracı Ukraynada müharibə başlayandan bəri 4 dəfə (!) artıb və həm də necə: Ermənistan Rusiyaya xarici avtomobillərin ehtiyat hissələrindən tutmuş çiplərə qədər “göndərir”. Guya Avropada bilmirlərmi ki, Ermənistanda “Mersedes” qapısı (məsələn) istehsal edilmir?
Yaxşı bilir və görürlər! Onu da bilirlər ki, 2023-cü ildə Ermənistan tarixində ilk dəfə olaraq nəinki Rusiya, hətta digər Aİİ ölkələri ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb. Bütün enerji strukturları Rusiyanın əlində olduğu, qaz tamamilə Rusiyadan idxal edildiyi halda Ermənistanın Rusiyaya ixrac-idxal əməliyyatlarında müsbət saldo əldə etməsinin səbəbi ərik ixracı deyil – bunu da bilirlər.
Ancaq Ermənistana “dur” demirlər, göz yumurlar – nəticədə bu ölkədə iqtisadi artım heç bir əsaslı səbəb olmadan 12,6%-ə çatır – builki artım da ən azı 7,5% olacaq. Bura qrantları, külli miqdarda yardımları və s. daxil etmirik.
Ermənistan AB missiyasını sərhədinə buraxıb, AB-nin siyasi lideri Fransanın bütün göstərişlərini can-başla icra edir – buna görə bütün rəsmi, qeyri-rəsmi “reytinqlərdə” yuxarı çəkilir; o qədər ki, 2023-cü ilin nəticələrinə görə, Ermənistana turist cəlbində də uduzduq. Bu balaca, qorxulu, hətta bir çox məqamda ABŞ və AB ölkələrinin öz vətəndaşlarını “getməmək” çağırışı etdikləri Ermənistan turizm qazancında bizim statistikanı keçdi.
Paralel olaraq: xaricdəki “siyasi mühacirlərin” Yutub platformasından Azərbaycan hakimiyyətinə qarşı çıxışları sərtləşib, təhqirlərin sayı artıb. Açıq kontekstə keçiblər, İlham Əliyevə səs verməməyə çağırırlar.
Az öncə Avropada “Azərbaycanlı siyasi mühacirlərin koordinasiya mərkəzi” adlı təşkilatın da məhz indi qondarılması təsadüf deyil. Görünür, Avropanın bəzi donor təşkilatları Azərbaycandakı seçki ərəfəsində kisələrinin ağzını açıblar. Həm iqtisadi təzyiq, həm də təbliğatla İlham Əliyevin səslərinə əl uzatmaq istəyirlər.
Əlbəttə, İlham Əliyevin seçilməyəcəyini özləri də düşünmürlər. Sadəcə, səsindən bir faiz də olsa, oğurlamağa çalışırlar.
Əsas hədəf İlham Əliyevin 80%-in altında səs almasına nail olmaqdır. Bir daha yada salaq ki, hələ 2021-ci ildə Avropadakı erməni diasporu AB, AŞ, AŞPA və s. təşkilatlarda keçirdiyi görüşlərin nəticələrini etiraf etmişdi, onlara demişdilər ki, İlham Əliyevin reytinqinin 97-98% olduğu bir vaxtda ona təsir etmək mümkün deyil, çalışın, bu reytinqi bacardıqca aşağı salın ki, təzyiq edə bilək.
İlham Əliyevin reytinqini “təzyiq üçün əlçatan rəqəmə” salmaq yarışı gedir.
Bəs, 7 fevraldan sonra nə olacaq?
Artıq şantajlara başlanılıb: açıq şəkildə “saxtalaşdırılacaq” ifadəsini dilə gətirməsələr də, eyhamlar edilir. Böyük ehtimalla, bu həyasızlığı da müşahidə edəcəyik.
İnanıram ki, qalib lider bu təzyiqlərin öhdəsindən necə gələcəyini yaxşı bilir, əks halda, seçkiləri 1 il 2 ay qabağa çəkməzdi. Xalqın tam dəstəyini əldə edəndən sonra ciddi struktur dəyişikliklərinə gediləcəyi ehtimalı bu informasiyalar fonunda getdikcə artır.
Ehtimal ki, antiazərbaycan qüvvələr də bunu təxmin edirlər və erməni diasporunun təsiri altında olan siyasi və maliyyə mərkəzləri bu “təhlükəni” də qabaqlamaq istəyir.