“Beşiktaş”ın Bakıya gələcəyi DƏQİQLƏŞDİ
“Qalatasaray”dan sonra daha bir İstanbul nəhəngi Bakıya gələcək.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “Beşiktaş” Azərbaycan paytaxtında matç keçirəcək. “Qara qartal”ın mayın ilk yarısında Bakıya gəlib “Sabah”la xeyriyyə oyunu keçirəcəyi dəqiqləşib. Hələlik konkret tarix tam bilinmir.
Məlumata görə, matçın mayın 13-də keçirilməsi planlaşdırılır. Müzakirələrdə əsas tarix məhz həmin gün götürülür. Ancaq son qərarda kiçik fərq ola bilər.
Qarşılaşmanın harada keçiriləcəyi tarix dəqiqləşəndən sonra müəyyənləşəcək. İki variant var: Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika Stadionu.
Xatırladaq ki, martın 26-da “Qarabağ” və “Qalatasaray” Bakı Olimpiya Stadionunda xeyriyyə oyunu keçiriblər. Matçdan əldə olunan 1 milyon manatdan artıq vəsait Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə ianə edilib. “Sabah”la “Beşiktaş”ın oyunundan toplanacaq məbləğ də eyni məqsədə yönəldiləcək.
BAKU.WS