Blinken husilərə xəbərdarlıq edib
“Yəmənin husi üsyançıları Qırmızı dənizdə gəmilərə hücumu davam etdirsələr, onlara qarşı cavab tədbirləri görüləcək”.
İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailin Təl-Əviv şəhərində mətbuat konfransı zamanı deyib.
O, husilərin yaratdığı təhlükənin təkcə İsrail və ABŞ-ı deyil, bütün beynəlxalq ictimaiyyəti narahat etdiyini vurğulayıb: “Mən burada gələcəkdə nələrin baş verə biləcəyi ilə bağlı spekulyasiya etmək üçün gəlməmişəm. Biz sadəcə açıq şəkildə bildirmək istəyirik ki, husilərin bu hərəkətləri davam edərsə, onlar cavabsız qalmayacaq”.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə Həmas İsrailə hücum edib. Buna cavab olaraq İsrail HƏMAS-a qarşı əməliyyata başlayıb. Bu hadisələr Yaxın Şərqdə bir sıra qrupların İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlarını intensivləşdirməsinə səbəb olub. Yəmənin husi üsyançıları da öz növbəsində Qırmızı dənizdə gəmiləri atəşə tutmağa başlayıblar.