Blinken İsrailin hərbi kabinetinin naziri ilə Qəzzaya yardım tranzitini müzakirə edib
ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailin hərbi kabinetinin portfelsiz naziri Benni Qantsla Qəzza zolağına mühüm humanitar yardımın tranzitinin artırılması və sürətləndirilməsi üzrə səyləri müzakirə edib.
Rəsmilərin telefon danışığına dair məlumatı ABŞ-nin Dövlət Departamentinin mətbuat xidməti yayıb.
“Katib Blinken və nazir Qants mühüm humanitar yardımın Qəzzaya tranzitini artırmaq və sürətləndirmək səylərini müzakirə ediblər. Katib və nazir həmçinin münaqişənin genişlənməsinin qarşısını almaq və Qəzzada saxlanılan girovların, o cümlədən ABŞ vətəndaşlarının azad edilməsi üçün davam edən səylər ətrafında fikir mübadiləsi aparıblar”, – Dövlət Departament bildirib.
Bildirilib ki, ABŞ-nin baş diplomatı İordan çayının Qərb sahilində gərginliyin azaldılması, o cümlədən məskunlaşanların ekstremist zorakılığının artması ilə mübarizə aparmaq üçün təcili addımların atılmasının vacibliyini qeyd edib.
“Dövlət katibi Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar iki dövlətli həll yolunun irəliləməsinə sadiq qalır”, – xarici siyasət idarəsinin mətbuat xidməti diqqətə çatdırıb.