BMT baş katibinin müavini: Qəzza cəhənnəmə, ölüm və ümidsizlik ölkəsinə çevrilib
BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits cümə günü verdiyi açıqlamada Qəzzanın ölüm və ümidsizlik məkanına çevrildiyini bildirib.
İRNA-nın Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin internet saytından cümə günü axşam yaydığı xəbərə görə, Qriffits öz bəyanatında əlavə edib: Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla on minlərlə insan həlak olub və ya yaralanıb.
Qəzzalı mülki vətəndaşların təhlükəsizlikləri üçün sığınacaq tapdıqları ərazilər bombalanıb. Tibb mərkəzləri amansız hücumlara məruz qalır.
Bu BMT rəsmisi vurğulayıb: Qəzzada ictimai sağlamlıq fəlakəti baş verir. İnsanların çox olduğu sığınacaqlarda yoluxucu xəstəliklər yayılır. Bu xaosun içində hər gün 180-ə yaxın fələstinli qadın uşaq dünyaya gətirir.
Qəzza xalqı indiyə qədər qeydə alınmış ən yüksək səviyyədə qida çatışmazlığı ilə üzləşib. Qəzzada aclıq yaxınlaşır.
O, davam edib: Ötən 12 həftə xüsusilə Qəzza uşaqları üçün fəlakət oldu. Onlar yeməksiz, susuz və məktəbsiz qalıblar və müharibənin dəhşətli səslərindən başqa, heç nə eşitməyiblər.
Qriffits xəbərdarlıq edib: Qəzza yaşayış üçün yararsız hala düşüb. Onun əhalisi hər gün öz varlıqlarına təhlükənin şahidi olur və dünya bu vəziyyəti ancaq izləyir.
Sonda təkrarlayıb: Biz təkcə Qəzza xalqı və onun təhlükə altında olan qonşuları üçün deyil, bu 90 günlük cəhənnəmi və ən əsas insani prinsiplərə hücumu heç vaxt unutmayacaq gələcək nəsillər üçün müharibənin dərhal dayandırılmasını tələb etməyə davam edirik.
Tərəflərin mülki şəxslərin və onların təcili ehtiyaclarının müdafiəsi və bütün girovların dərhal azad edilməsi də daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində bütün öhdəliklərini yerinə yetirməsinin vaxtı çatıb.