BMT-nin ali komissarı: “ABŞ-də azot qazı ilə edam qəddarlıqdır”

BMT-nin ali komissarı: “ABŞ-də azot qazı ilə edam qəddarlıqdır”

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk ABŞ-nin Alabama ştatında ölüm cəzasında azot qazından istifadə edilməsini qəddarlıq adlandırıb.

“Report” xəbər verir ki, bunu BMT-nin ali komissarı Roma Papası I Fransisklə görüşündən sonra “Vatican News”a müsahibəsində deyib.

“ABŞ-də davam edən insan haqları pozuntularına göz yummaq olmaz. Alabama ştatında Kennet Yucin Smitin azotla edam edilməsi qəddarlıqdır. Bununla bağlı başqa söz yoxdur. Açığı desək, 21-ci əsrdə ölüm hökmünə yer olmamalıdır”, – o vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ təkcə ABŞ-yə deyil, həm də İran, İraq, Yaponiya daxil olmaqla, ölüm hökmünün hələ də tətbiq edildiyi digər ölkələrə də aiddir.

V.Türk dünyada ölüm cəzasına birdəfəlik son qoymağa çağırıb.

Xatırladaq ki, yanvarın 26-da ABŞ-də azot qazından istifadə edilməklə ilk edam həyata keçirilib. 58 yaşlı Kennet Yucin Smit Alabama ştatının Atmor şəhərində bu üsulla edam olunub. 1988-ci ildə bir qadını öldürməkdə təqsirli bilinən Smit hökmündən apellyasiya şikayəti versə də, onun hər üç müraciəti rədd edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 9 =