Britaniya, dövlət strukturlarının İran və Rusiya hakerlərinin hücumlarına uğradığını açıqlayıb
İran və Rusiya ilə əlaqəli haker qruplaşmaları Böyük Britaniyanın hökumət və qeyri-hökumət təşkilatları, müdafiə strukturları, universitetlər və təhlil mərkəzlərinə hücumlar həyata keçirirlər.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, kibercinayətkarların qurbanları arasında jurnalistlər, siyasi fəallar və siyasətçilər ola bilər.
“Rusiyanın “SEABORGIUM” (həmçinin “Callisto Group”, “TA446”, “COLDRIVER” və “TAG-53” kimi tanınırlar) və İranın “TA453” (həmçinin “APT42”, “Charming Kitten”, “Yellow Garuda” və “ITG18” kimi tanınırlar) qruplaşmaları Böyük Britaniyada, habelə onlarda maraq doğuran regionlarda təşkilatlar və fiziki şəxslərə qarşı məlumat toplanması məqsədilə uğurla daristiqamətli fişinq hücumları gerçəkləşdirməyə davam edirlər”, – Mərkəzin saytında dərc olunan məlumatda bildirilib.
Qeyd edilib ki, hakerlər sosial şəbəkələrdə və peşəkar onlayn icmalarda potensial qurbanlar haqqında məlumat toplayırlar ki, onların tanışlıq çevrəsini, peşəkar və şəxsi maraqlarını müəyyən etsinlər, sonra isə mürəkkəb fişinq hücumu həyata keçirsinlər.
Bu sındırılma metodikası ilə mübarizə aparmaq üçün Mərkəzin əməkdaşları ayıq-sayıq olmağı, mürəkkəb və müxtəlif parollardan istifadə etməyi, ikifaktorlu autentifikasiyanı və bütün cihazlarda yenilənmələri vaxtında quraşdırmağı, eyni zamanda şübhəli əlavələr və keçidlər üçün e-poçtları skan edən xidmətlərdən istifadə etməyi tövsiyə edir.
Report.az