Britaniya Polşaya 1,9 milyard funt sterlinq dəyərində HHM sistemləri verəcək
Böyük Britaniya Polşada CAMM (Common Anti-air Modular Missile) zenit raketləri ilə hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirəcək.
APA-nın Britaniya bürosunun Baş nazirliyin ofisinə istinadən verdiyi xəbərə görə, müqavilənin dəyəri 1,9 milyard funt sterlinq (2,4 milyard dollar) olacaq.
Müqaviləyə əsasən, Böyük Britaniya 22 Polşa hava hücumundan müdafiə batareyasını Böyük Britaniyanın Ümumi Hava Əleyhinə Modul Raketi (CAMM) ilə təchiz edəcək.
Bununla əlaqədar “MBDA” firması bu gün səhər Polşa hökuməti ilə sazişi imzalayıb.
Bu, NATO-da Avropanın hava hücumundan müdafiəsi üzrə ən böyük ikitərəfli sazişlərdən biridir və Böyük Britaniya ilə Polşa arasında aylarla davam edən sıx əməkdaşlığın nəticəsidir.
“MBDA” tərəfindən hazırlanmış “CAMM” raketləri həm Britaniya Ordusu, həm də Kral Donanmasında olan ən son nəsil hava hücumundan müdafiə sistemidir.
Sistem 25 km məsafəyə qədər inkişaf etmiş hava və raket hədəflərini vura bilir, eyni zamanda səsdən də sürətli hərəkət edən, tennis topu ölçülü obyekti vurmağa qadirdir.
Britaniyanın müdafiə naziri Ben Uolles ölkəsi ilə Polşanın ən böyük müdafiə ixracı müqaviləsi imzalanmasını irəliyə doğru addım adlandırıb və bundan şad olduğunu bildirib.
Apa.az