Bu tarixdə yerə METEOR YAĞACAQ – Azərbaycandan da…

Bu tarixdə yerə METEOR YAĞACAQ – Azərbaycandan da…

Kometlər və asteroidlər keçdikdən sonra onların yolunda qalıqları qalır. Yer kürəsi həmin qalıqlardan keçdikdə meteor yağışları baş verir. Belə yağışların ən məşhurlarından biri Perseid meteor yağışıdır. Perseid meteor yağışları hər il iyulun 17-dən avqustun 24-nə kimi davam edir. Perseidin maksimumu ildən asılı olaraq 11, 12 və ya 13 avqusta təsadüf edə bilər.

BAKU.WS xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofozika kafedrasının məlumatına görə, 2023-cü ildə Perseid meteor yağışının maksimumu avqustun 13-də olacaq. Maksimumda zenitdə saatda 150-yə qədər meteorun görünməsi proqnozlaşdırılır. Perseid meteorlarının geosentrik sürəti 59 km/s qiymətləndirilir.

Perseid meteor yağışı 1862-ci ildə kəşf edilmiş 109P/Svift-Tuttle kometinin qalıqlarından əmələ gəlir. Hətta bu kometi Perseid meteor yağışının “buzlu valideyni” adlandırırlar. Nüvəsinin diametri 26 km olan bu komet 133 ildən bir Yerin yaxınlığından keçir. Günəş ətrafında illik hərəkəti nəticəsində Yer hər dəfə yay aylarında kometin qalıqlarından keçir və bu zaman Perseid meteor yağışı baş verir. Radiant (meteorların mənbəyi) Persey bürcündə olduğu üçün meteor yağışı Perseid alandırılır.

Bakıda Perseid meteor yağışının mənbəyi həmişə üfüqdən yuxarıda (batmayan) olduğu üçün meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq. Meteor yağışının avqustun 13-də günorta saatlarında maksimum aktivliyə çatacağı gözlənilir və ona görə də Azərbaycan ərazisindən ən yaxşı görüntüləri həmin gün səhər açılana qədər və axşam Günəş batandan sonra görmək olar. Yerin öz oxu ətrafında fırlanması nəticəsində səhər saatlarında Bakıya gələn meteorların hərəkəti baxış istiqamətində olacaq. Bu səbəbdən meteorların sayı çoxluq təşkil edəcək. Həm də meteorlar atmosferə şaquli istiqamətdə daxil olacaq və ona görə onların buraxdığı izlər çox qısa görünəcək. Səhər saatlarında Bakı üçün meteor yağışının mənbəyi üfüqdən 63°-69° hündürlükdə görünəcək və buna əsaslanaraq demək olar ki, saatda 130-140-a qədər meteor görünəcək. Digər vaxtlarda isə Bakı üzərində yanan meteorlar daha az olacaq. Lakin bu meteorlar atmosferə bucaq altında daxil olduğuna görə tamamilə yanmazdan əvvəl səmanın böyük bir sahəsini keçə bilən uzunömürlü meteorlar əmələ gətirəcəklər.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − five =