David Bizley: Müharibəni bitirin, silahları susdurun!
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru David Bizley, Yəməndəki münaqişə tərəflərini, müharibə və ölkədə olan aclıq səbəbindən daha çox yəmənlinin ölməsinin qarşısını almaq üçün silahlarını yerə qoymağa və münaqişəyə son qoymağa çağırıb.
“Əl-Ərəbi əl-Cədid” xəbər saytına verdiyi müsahibədə o, belə deyib: “Yəmənin vəziyyəti bir fəlakətdir və bu ölkə yer üzündə ən böyük insani faciə yaşamaqdadır. 16 milyon yəmənli aclıqdan əziyyət çəkir və onlardan beş milyonu ciddi aclıq riski altındadır. Humanitar yardım üçün maliyyə çatışmazlığı və (Səudiyyə Ərəbistanı) koalisiyasının yanacaq tankerlərinin Hudeydəyə daşınmasına mane olması vəziyyəti daha da ağırlaşdırır.”
Bizley, BMT-nin qərargahında virtual bir mətbuat konfransında, “Əgər addımlar sürətlə atılmasa, dünya əsrin ən pis aclığı ilə qarşılaşacaqdır”, deyib.
O, həmçinin belə əlavə edib: “Artıq bu müharibənin bitmə vaxtı gəldi. Biz ən böyük insan fəlakətinin şahidiyik. Lazımi yardım göstərilmədiyi təqdirdə 400.000 yəmənli uşağın ölməsi gözlənilir. Bu, hər 75 saniyədə bir yəmənli uşağın ölməsi deməkdir. Bizim vəzifəmiz aydındır. Müharibəni bitirin, silahları susdurun!”