Dohada Amerika rəsmiləri ilə Taliban nümayəndələri arasında danışıqlar keçirilib
CNN-in məlumatına görə, ABŞ Dövlət Departamenti bəyanat yayaraq, ABŞ rəsmilərindən ibarət nümayəndə heyətinin üzvlərinin Qətərin paytaxtı Dohada Talibanın yüksək səviyyəli nümayəndələri ilə görüşdüyünü açıqlayıb.
Dohada iki gün ərzində Amerika nümayəndə heyəti ilə Taliban nümayəndələrinin görüşü keçirilib.
Bu görüşdə Amerika nümayəndə heyəti Əfqanıstandakı “humanitar böhrandan dərin narahatlığını və humanitar yardımın ötürülməsi üçün yardım təşkilatlarına və BMT təsisatlarına dəstəyin davam etdirilməsinin zəruriliyini” ifadə edib.
ABŞ Dövlət Departamenti öz bəyanatında bu danışıqlarda iştirak edən Taliban nümayəndələrinin adlarını qeyd etməyib və onları yalnız “yüksək səviyyəli” məmurlar və “texnokratlar” adlandırıb.
Taliban 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən bəri Əfqanıstan humanitar böhranla üzləşib və ölkənin beynəlxalq yardıma ciddi ehtiyacı var.
ABŞ Dövlət Departamenti bildirir ki, Vaşinqton həmçinin, Taliban hakimiyyətindən “Əfqanıstanda saxlanılan iki Amerika vətəndaşını dərhal və qeyd-şərtsiz azad etməyi” xahiş edib.