Dron gətirmək üçün bu 6 qurumdan icazə alınmalıdır

Dron gətirmək üçün bu 6 qurumdan icazə alınmalıdır

Tanınmış bloger Mehman Hüseynovun dron əldə etdiyinə görə saxlanılması məsələsi sözügedən cihazdan istifadə məsələsini yenidən gündəmə gətirib.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz drondan istifadə qaydalarına aydınlıq gətirib. O bildirib ki, hazırda ölkəmizdə mülki silah və ya hansısa partladıcılardan istifadəyə icazə qaydası ilə dronlardan istifadə qaydası eynidir: “Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbinin dronla bağlı olduğunu bildirib. Ondan 1 ədəd dron aparatının götürüldüyünü açıqlayıb.

Dronla bağlı qanunvericilik necədir?

Ölkəmizdə dronlardan istifadəyə məhdudiyyətlər qoyulub. Dronlar qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına daxil edilib.

Nə qədər qəribə olsa da, bizim ölkəmizdə dronların dövriyyəsinə icazə qaydası hansısa silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurası ilə eynigüclüdür. Bu qaydalar kifayət qədər sərtdir. Hər bir xüsusi avadanlıqdan icazəyə konkret dövlət qurumu və ya qurumları cavabdehdir, onların siyahısı təsdiqlənib.

Dronların ölkəmizdə ayrıca hər hansı qeydiyyat və istifadə qaydası indiyədək yoxdur.

Dron gətirmək üçün mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına uyğun olaraq, 6 dövlət qurumundan icazə alınmalıdır. Bunlar NRYTN-in Dövlət Mülki Aviasiya Administrasiyası, XDMX, DTX, DSX, MN və DİN-dir.

Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın pozulması maddəsində dronlardan istifadəyə görə məsuliyyət nəzərdə tutulub”.

Onun sözlərinə görə, MDB məkanına daxil olan ölkələrin əksəriyyətində, inkişaf etmiş ölkələrin hamısında dronların qeydiyyatı və istifadəsi qaydaları var: “Avropa Birliyinin də bununla bağlı bəlli tövsiyəsi var. Bizim tərəfimizdən də hökumətə bu sahədə qaydaların hazırlanması üçün müraciətlər edilib. Hələlik bu istiqamətdə irəliləyiş hiss olunmur.

Azərbaycanın indiki inkişaf səviyyəsi, həm də bu sahədə baş verənlər bir daha göstərir ki, belə bir qaydaların hazırlanması çox vacibdir. Ümid edirəm ki, NRYTN belə bir qaydaların layihəsini hazırlayıb hökumətə təqdim edəcək”.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − seven =