Erməni lobbisi 907-cü düzəlişin yenidən tətbiqi üçün səfərbər olub – ABŞ-da manipulyasiya başladı

Erməni lobbisi 907-cü düzəlişin yenidən tətbiqi üçün səfərbər olub – ABŞ-da manipulyasiya başladı

Xatırladılır ki, 2002-ci ildən bəri hər il Ağ Ev Dağlıq Qarabağ münaqişəsinə rəğmən Azərbaycana yardım göstərir, lakin bu il avqustun ortaları olsa da, yardım hələ təsdiqlənməyib. “Rəsmilər gecikmə ilə bağlı heç bir izahat verməsələr də, bu, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağda daha da pisləşən humanitar böhrana görə məsuliyyətin Azərbaycanda olması ilə bağlı artan narahatlığı ilə üst-üstə düşür”-deyə nəşr Azərbaycanı ittiham edir.

“907-cü düzəlişdən imtina” adlanan icazənin verilməsində gecikmə həm də Bayden administrasiyası ekspertlərinin yaxın ola biləcəyini proqnozlaşdırdıqları sülh sazişi ilə əlaqədardır. Amma nəşrə görə, Azərbaycana yardımın dayandırılması Bakının gələcək danışıqlarda iştirakını istisna edə bilər.“Poltico” hesab edir ki, bu ziddiyyətli siyasi təzyiqlər öz dəyərləri ilə geosiyasətin praqmatik reallıqları arasında mübarizəyə qapılan Bayden administrasiyası üçün Cənubi Qafqazda zərif mənzərə yaradır.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Buş administrasiyasının rəsmisi Metyu Brayza xəbərdarlıq edib ki, Azərbaycana yardımı qadağan edən 907 saylı qətnamənin davam etdirilməsi Bayden üçün siyasi fırtına yaradardı: ”Bu incə diplomatik məqamda 907-dən imtinanın ləğvi həmişəkindən daha yaxın olan sülh müqaviləsini relsdən çıxarmaq riski daşıyır”. Əsində M. Brayza erməni lobbisinin məqsədini deşifrə edib. Bu canfəşanlığın səbəbi sülh müqaviləsini əngəlləməkdir. Sirr deyil ki, erməni lobbisi sülh danışıqlarını Nikol Paçiyan iqtidarının yanlışı saydığını gizlətmir.

Amma Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasının rəsmiləri hərbi yardımdan imtina məsələsinin hələ də nəzərdən keçirildiyini təsdiqləyiblər. “ABŞ-ın Azərbaycana qarşı siyasəti dəyişməyib” deyən Dövlət Departamentinin sözçüsü əlavə edib ki, “ABŞ Azərbaycanla strateji tərəfdaşlığını yüksək qiymətləndirir”. Nəşr sözçünün adını açıqlamır və qeyd edir ki, həssas diplomatik məsələni müzakirə etmək üçün həmin şəxsə anonimlik icazəsi verilib.

Xatırladaq ki, 1992-ci il Azadlığa Dəstək Aktının 907-ci maddəsi rəsmi Bakı “Ermənistan və Dağlıq Qarabağa qarşı bütün blokadalara və digər hücum xarakterli güc tətbiqinə son qoymaq üçün nümayişkaranə addımlar atmasa” ABŞ-ın Azərbaycana yardım təklif etməsini qadağan edir.

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmiş, ancaq geri qaytarılmışdı. Bundan sonra, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən irəli sürülmüşdü. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdi. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdi. ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdi.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Ağ Ev ilk dəfə 2002-ci ildə Azərbaycan Buş administrasiyasına Əfqanıstana qoşun göndərmək üçün ölkədən quru körpü kimi istifadə etməyə icazə verdikdə qadağanı geri götürüb. Bu, iki ölkə arasında geniş hərbi və təhlükəsizlik tərəfdaşlığına qapı açdı.

Nəşr əlavə edir ki, İranla dəniz və quru sərhədlərini bölüşən əsas təbii qaz istehsalçısı Azərbaycan eyni zamanda Tehrana qarşı çəkişmə kimi Yaxın Şərqdə ABŞ-ın faydalı tərəfdaşı olduğunu sübut edib. “Azərbaycan Vaşinqtondan əhəmiyyətli hərbi və maliyyə dəstəyi alır. Qonşu İranla gərginliyin artması fonunda 2018-ci ildə Tramp administrasiyası ölkənin sərhəd mühafizəsi üçün maliyyəni artıraraq, 100 milyon dollar dəyərində avadanlıq və digər yardımlar göstərib, Cənubi Qafqaz ölkəsini regionda ABŞ-dan ən çox yardım alan dövlətlərdən birinə çevirdi. 2020-ci il müharibəsi zamanı ondan çox demokrat, o vaxt Nyu Cersidən olan Senatın Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli üzvü Bob Menendes də daxil olmaqla, Dövlət Departamentinə məktub yazaraq dəstəyi dayandırmağa çağırdı.

Erməni diaspor qrupları ABŞ-dan Azərbaycana hərbi yardımı dayandırmağı tələb edirlər. Onlar iddia edirlər ki, ABŞ-ın 907-ci maddə vasitəsilə Azərbaycana təsir etmək cəhdləri uğursuzluqla nəticələnib.

Qarabağda yaşayan ermənilərin maraqlarına lobbiçilik edən “Artsax” Erməni Milli Komitəsinin icraçı direktoru Gev İskadyan izah edib ki, ABŞ bundan əvvəl Azərbaycandan güzəştlərə nail olmaq üçün yardımdan istifadə edib, amma effektsiz olub.

“Kapitoli təpəsində ABŞ-ın Azərbaycana hərbi dəstəyinin Əliyevə ermənilərə qarşı müharibə cinayətləri və insan haqları pozuntuları törətməsinə imkan verdiyi barədə artan məlumatlılıq var”, – “Global ARM”-in prezidenti Tim Cemal bildirib. Nəşrin “insan hüquqları təşkilatı” kimi təqdim etdiyi “Global ARM” özünü “güclü, azad və müstəqil Ermənistanı dəstəkləmək, Dağlıq Qarabağın (Artsax) suverenliyini və özünüidarəsini təmin etmək üçün bir-biri ilə əlaqəli qlobal alyans” kimi təqdim edir. Ermənistan və erməni xalqı üçün daha təhlükəsiz, daha azad gələcək qurmağı, Ermənistanın dünyada mövqeyini gücləndirməyi isə özünün əsas missiyası elan edir. Onun prezidenti Tim(oti) Cemal erməni lobbisinin ən fəal üzvlərindən biridir. Əvvəllər Ermənistan Amerika Universitetində köməkçi müəllim vəzifəsində çalışıb, Ermənistandakı Amerika Ticarət Palatasının təsisçilər şurasının üzvü olub.

Lobbinin digər üzvləri də tam səfərbər olmuş vəziyyətdədir. “Düzəlişin dayandırlmasını davam etdirmək üçün heç bir əsaslı səbəb yoxdur”, – deyən Ermənistan Konqresinin Qrupunun Respublikaçı həmsədri Qus Bilirakisə görə Azərbaycan ayrılan yardımla aldığı hərbi texnikanı Ermənistana qarşı istifadə edə bilər. “Sülh sazişi əldə etmək istəyiriksə, Əliyevə qarşı daha sərt olmalıyıq”, – deyə erməni lobbsinin digər fəalı deputat Frank Pallone bildirib.

Onu da deyək ki, lobbi sadəcə 907-ci düzəlişin yenidən tətbiqini gündəmə gətirmir. Azərbaycanda insan hüquqlarının vəziyyəti, siyasi azadlıqlar mövzusunda da manipulyasiya edilir: bu və ya digər müdafiə komitələrinin üzvləri sırasında Bob Menendes və Frank Pallonenin olması təsadüfi deyil. Azərbaycan siyasətçiləri arasında tez-tez siyasi azadlıqlar və Qarabağ ermənilərinin statusu arasında paralellər aparılması bu kampaniya ilə qəribə şəkildə eyni vaxta təsadüf edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − fourteen =