Ermənilərlə azərbaycanlılar arasında Qarabağ söhbəti: kütləvi dava düşdü
Noyabrda artıq ikinci dəfədir ki, Rusiyanın fərqli şəhərlərində xüsusi təyinatlı polis dəstələri azərbaycanlıların toy və doğum günü mərasimi keçirdikləri restoranlara basqın edirlər.
Sonuncu hadisə noyabrın 14-ü Voronej vilayətində baş verib. Bununla bağlı Baku TV-yə açıqlama verən Voronejdəki Azərbaycan ictimaiyyətinin sədri Mehdi Mehdiyev bildirib ki, 10 gün öncə şəhər restoranlarından birində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.
Bu hadisədən sonra polis əməkdaşları mütəmadi olaraq keçirilən şənliklərə basqın edərək yoxlamalar aparırlar. Mehdi Mehdiyev əlavə edib ki, OMON əməkdaşları tərəfindən həyata keçirilən yoxlamalar zamanı məlum olub ki, bir neçə şəxs Rusiya vətəndaşlığı almasına baxmayaraq, hərbi qeydiyyata düşməyiblər.
Məhz həmin şəxslər hərbi komissarlığa aparılaraq qeydiyyata alınıblar, daha sonra isə sərbəst buraxılıblar.
Məlumat üçün bildirək ki, noyabrın 1-i Rusiyanın Sankt-Peterburq şəhərində eyni hadisə yaşanıb. Azərbaycanlıların toy məclisi polisin keçirdiyi əməliyyat nəticəsində yarıda dayandırılıb. OMON-lar şənlikdə iştirak edənlərin sənədlərini yoxlayıblar. Nəticədə 5 nəfər saxlanılıb.