Finlandiya: İsrail özünümüdafiə iddiası edə bilməz!
Finlandiyanın xarici işlər naziri Elina Valtonen Almaniyanın RedaktionsNetzwerk Deutschland (RND) mətbuat orqanına verdiyi müsahibədə Qəzzada hər gün çoxlu mülki vətəndaşın öldüyünü və İsrailin bunun qarşısını almaq üçün kifayət qədər səy göstərmədiyini bildirib.
“İsrail hələ də özünümüdafiə iddiasında ola bilərmi?” sualına Valtonen belə cavab verib: “Xeyr, özünümüdafiə dövrü başa çatıb. Mən çox açıq deyirəm, bəsdir, Qəzzada mülki əhalinin dərhal “humanitar atəşkəsə” və münaqişələrdə humanitar yardıma ehtiyacı var”.
İnsanların aclıqdan öldüyünə və təmiz içməli suyun olmadığına diqqət çəkən Valtonen deyib:
“Bu, xüsusilə İsraillə bağlıdır. Yardım aparan çoxlu sayda yük maşınının sərhəddən keçməsinə icazə verilməli və hər kəsə ərzaq paylanmalıdır. İsrail Qəzza zolağına humanitar yüklərin aparılmasına icazə vermək üçün daha çox sərhəd keçid məntəqələri açmalıdır”.