Fransa neokolonializminin ifşası – Azərbaycanın bəşəriyyət qarşısında böyük missiyası – ŞƏRH

Fransa neokolonializminin ifşası – Azərbaycanın bəşəriyyət qarşısında böyük missiyası – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara geniş müsahibə verib. Dövlət başçısı bir çox məsələlərlə yanaşı, Fransanın Azərbaycana qarşı qərəzli, riyakar mövqeyi, birtərəfli siyasətinə də toxunub. Emmanuel Makronun prezidentliyi illəri birmənalı şəkildə Fransanın çöküşünə səbəb olub və əksər beyin mərkəzləri, media orqanlarının hesabatı da bunu təsdiq edir. Ölkə Prezidenti də müsahibəsində bu məsələyə bir daha toxunub. Fransa da daxil bir sıra ölkələrdə populistlərin, demaqoqların hakimiyyətə gəlməsini və bunun da nə ilə nəticələndiyini açıq ifadə edib. Müsahibədə müasir Fransanın düşdüyü rəzil durum, vəziyyət, faktlarla, sübutlarla sadalanır.

Birincisi, xarici və daxili siyasətdə uğursuzluqlar, müstəmləkələrdən qovulma, məhz E.Makronun dövründə güclənib, yəni onun yarıtmaz siyasətinin nəticəsidir. İş o həddə çatıb ki, Fransa Senatının deputatları, siyasilər dəfələrlə bu məsələ ilə bağlı narahatçılıqlarını ifadə ediblər. Artıq Nigerdən biabırcasına qovulma baş verib, analoji proseslərin Qabonda və digər keçmiş müstəmləkələrdə də yaşanacağı gözlənilir. Məsələn, Fransa zülmündən əziyyət çəkən Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib. Onlar Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində qeyri-sabitlik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb. Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiyaya dəyişikliklər etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər. Bu fakt da E.Makron hökumətinin siyasətinin uğursuzluğuna bir işarədir.

İkincisi, Yelisey sarayının qərəzi İkinci Qarabağ müharibəsi başlayanda özünü daha açıq göstərdi. Riyakar, ikiüzlü şəkildə işğala məruz qalanın deyil, işğal siyasətini həyata keçirən dövlətin – Ermənistanın yanında durdu. Prezident Makron müharibənin dayandırılması tələbi ilə çıxış etdi, dəfələrlə telefon zəngləri ilə Azərbaycana təzyiq göstərməyə çalışdı. Halbuki, bu ölkə Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun üzvü olub. İllər əvvəl özünü minnət və xahişlə həmsədrliyə soxan Paris 30 il ərzində yarıtmaz siyasəti ilə yadda qalıb, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışıb. Azərbaycanın Qarabağı işğaldan azad etməyə başladıqda isə birtərəfli qaydada Ermənistanın müdafiəsinə qalxdı. Anti-Azərbaycan bəyanatlar səsləndirməklə yanaşı, BMT Təhlükəsizlik Şurasına qətnamələr təqdim etdi, həmçinin Ermənistanın silahlandırmağa çalışdı.

Üçüncüsü, Azərbaycanla Fransa arasında münasibətlərin gərginləşməsinin günahkarı rəsmi Bakı deyil, qarşı tərəfdədir. Prezident İlham Əliyev də bunu müsahibəsində vurğulayıb. Dövlət başçısı Parisin Ermənistanı silahlandırdığını, ruhlandırdığını, hərbçilərinə təlim keçdiyini və İrəvanı yeni müharibəyə hazırladığını bildirib.

Dördüncüsü, Fransanın bölgəyə sülh deyil, gərginlik gətirmək siyasətidir. Hədəfi heç də Ermənistana sülh, əmin-amanlıq bəxş etmək deyil, bu ölkəni ikinci kiçik Ukraynaya çevirməkdir. İrəvan da kor-koranə bu siyasətə uyub, çirkin planın reallaşmasına çalışır.

Yeri gəlmişkən, Fransanın rəzilliyi, anti-Azərbaycan mövqeyi o həddə çatıb ki, ölkəsində Azərbaycanı xatırladan nə varsa məhv etməyə çalışır. Prezident İlham Əliyev də bu məsələyə toxunub. Azərbaycanlı şairə Xurşidbanu Natəvanın Fransanın Evian-le Ba şəhərində büstünün təhqir edilməsini vandalizm aktı adlandırıb. Bildirib ki, Fransada Natəvanın heykəlinin təhqir edilməsi, onun sellofana bükülməsi, bu şəhər ilə İsmayıllı arasında qardaşlıq sazişinin ləğv edilməsi kimi lüzumsuz hərəkətlərə əl atmağa başlayıblar: “Təbii ki, biz də adekvat cavab verirdik və indi də buna davam edirik. Amma bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni, burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var”. Özünü demokratik dövlət, dünyanın ən mədəni ölkəsi kimi qələmə verməyə çalışan dövlətin bu cür cılız addımlar atması, onun mahiyyətini ortaya qoyub”.

Altıncısı, Parisin anti-Azərbaycan mövqeyinin mühüm səbəblərindən biri, sözsüz ki, rəsmi Bakının fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşilikləri dünyaya çatdırmasıdır. Bu faktlar Qoşulmama Hərəkatının sədri kimi Bakıda səslənib. Fransanın dənizaşırı adlanan ərazilərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə xüsusi vurğulanıb ki, müstəmləkə ölkələrində başqa cinayətlər də törədilib və bu, əlbəttə ki, neokolonializmin rüsvayçı təzahürüdür. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir.

Yekun olaraq onu qeyd etmək olar ki, rəsmi Bakı iki ölkə arasında körpülərin birdəfəlik yandırılmasında maraqlı deyil. Prezident də müsahibəsində bunu açıq bəyan edib. Azərbaycan heç bir ölkə ilə münasibətlərin gərginləşməsində maraqlı olmayıb, olmayacaq da. Sadəcə, Fransanın da bu reallığı başa düşməsi, qəbul etməsi zəruridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =