Gözdən, qulaqdan uzaq “batan” şəhərcik – Divarlar müharibəni xatırladır-Video

Gözdən, qulaqdan uzaq “batan” şəhərcik – Divarlar müharibəni xatırladır-Video

Gözdən könüldən uzaq, batmaqda olan Abşeron Gənclər Şəhərciyinə məxsus çoxmərtəbəli yaşayış binası… Bəli, batmaqda olan. Belə getsə, batacaq da. Bir tərəfdən yaşayış binalarının birinci mərtəbələrində obyekt açmaq adı ilə qanunsuz söküntü işləri aparan sahibkarların, digər tərəfdən də zirzəmilərə dolan qrunt sularının hesabına… Burada kim necə gəldi obyekt tikir. Özü də heç bir təhlükəsizlik norma və prinsiplərinə əməl etmədən.

Təxminən 40-a yaxın belə obyekt var ərazidəki çoxmərtəbəli yaşayış binalarının birinci mərtəbəsində. Hər biri də artırma pilləkənli. Məlum obyektlər səbəbindən binaların bünövrəsi demək olar ki, zədələnib də. Hətta binaların sütünlarının dibində iri çalalar da əmələ gəlib.Bundan başqa 44-cü blokda tikilməkdə olan yeni obyekt səbəbindən binanın divarları ilk baxışdan müharibə mənzərəsini xatırladır. Sakinlər iddia edir ki, məlum obyekt restoran kimi fəaliyyət göstərəcək. Fransalı dramaturq, filosof Volterə bir dəfə sual verirlər ki, niyə şairlərin yığıncağını dağıtdın?”

O da “məclis dağılmağına dağılıb, amma mən orada olmamışam” cavabını verir. Deyirəm sementin də dili olsaydı deyərdi ki, “vallah bu binalar tikilməyinə tikilib, amma mənim iştirakım olmadan”. Divarlarına əl vurduqca ovxalanır sanki. Elə sakinləri də “indi uçar, bayaq uçar” deyib məlum binalarda səksəkə ilə yaşayırlar. Ümumiyyətlə zirzəmilərin qrunt suları ilə dolub-daşması, liftlərin bəzilərinin işlək vəziyyətdə olmaması, binaların bir-birinə 3-4 metr məsafədə tikilməsi, ərazidə bir dənə də olsun ağacın, yaşıllıqların olmaması və ən əsası da yayın cırhacırında onsuz da fasilələrlə verilən içməli suyun vaxtından əvvəl kəsilməsi, sakinlərin çətin olan həyat şəraitini daha da çətinləşdirib.

Onlar sadalanan məsələlərlə bağlı aidiyəti qurumlara müraciət etsələr də, buna məhəl qoyan tapılmır ki, tapılmır. Elə buna görə də indi onlar kimə və hara müraciət edəcəklərini belə bilmirlər. Ərazidə yaşamağın mümkünsüz olduğunu deyən sakinlərin bir qismi artıq evlərini satışa da çıxarıb. Artırılan pilləkənlərin və obyekt çıxıntılarının əlindən axşamlar şəhərcikdə maşın saxlamaq olmur. Maşın nədir, sakinlər deyir, heç iki nəfər yanaşı yeriyə bilmir. Adına JEK dediyimiz qurum isə görünür ancaq obyektlərə şərait yaratmaqla və sonrakı taleyi bəlli olmayan pulların yığılması ilə məşğuldur.

Kommunal pulu adı ilə yığılan vəsaiti şəhərcikdəki mənzillərin kvadratına vuranda külli miqdarda məbləğdən söhbət getdiyini bilmək asandır amma bu pulların aidiyyəti üzrə xərcləndiyini aydınlaşdırmaq isə çətin. Şəhərcikdə abadlıq adına heç nə yoxdur, inşa olunanda nə vardısa onlar da sıradan çıxıb. Məsələ ilə bağlı üz tutduq ərazidə yerləşən Mənzil İstismar sahəsi idarəsinə.

Amma ərazinin komendantı olduğu deyilən Elman Məmmədovu yerində tapa bilmədik. Məcbur qalıb elə kabinetinin qapısındaca onunla əlaqə saxladıq. Bax yenə vəd verildi. Özü də ənənəvi şəkildə. Qaldı həllini gözləmək. Gözləyək görək nə olacaq?!

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − eleven =