HACI QASİM SÜLEYMANİNİN MƏNƏVİ MƏQAMI

HACI QASİM SÜLEYMANİNİN MƏNƏVİ MƏQAMI

Quranın buyurduğu kimi yaşayan insan

Şəhid generalın həyatına nəzər saldıqda onun Quranın buyurduğu kimi yaşayan bir insan olduğu heç kimə gizli qalmır. Özünü müsəlman sayan hər kəsin Quranı mühafizə edib qoruması onun mənəvi borcudur. Bu, əslində, Quranı zahiri baxımdan qorumaqdır. Yəni Quranı kitab şəklində qorumaq, onun cildinin, vərəqlərinin cırılmasının, aradan getməsinin, hörmətsizlik edilməsinin qarşısını almaq mənasındadır. Bundan əlavə, “Quranı mənəvi baxımdan qorumaq” deyilən bir anlayış da vardır. Bu isə Quranı oxuyub ona əməl etməklə mümkündür. Şəhid generalımızın həyatına baxanda onun əsl Quranın buyurduğu kimi yaşayan bir insan olduğunu görürük.

Allahın “namaz qılın”, “oruc sizə vacib edildi”, “Allah üçün insanlara Allahın evinin həcci vacibdir” və s. bu kimi əmrlərə “ləbbeyk” deyib boyun əyən Hacı Qasim təkcə fərdi ibadətləri deyil, Allahın ictimai əmrlərini də gənclik illərindən başlayaraq saç-saqqalının ağardığı, şəhadətə yetişdiyi vaxtlara qədər icra etmişdir.

63 yaşına çatmış bir insanın bədəni istər-istəməz zəifləyir, onda bir sıra süstləşmələr əmələ gəlir, bir çox fiziki ibadətləri yerinə yetirməkdə çətinlik çəkir. Özünü cəmiyyətdən təcrid edir, evin küncündə, yaxud məscidlərdə özünü ibadətə həsr edir. Bədənində müxtəlif yaraların izi qalmış Hacı Qasim isə ibadətdən, Allaha olan fərdi bəndəlikdən yorulmadığı kimi, bir mücahid bəndə olaraq da ilahi göstərişləri yerinə yetirir, bu işdən qətiyyən usanmırdı.

Özündə olanı dəyişən bəndə

Allah-taala mübarək “Rəd” surəsinin 11-ci ayəsində buyurur: “Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz”. Bu mübarək ayədə iki kəlmə işlənmişdir; “Qövm” və “ənfus”. Qövm bir-iki nəfərdən yox, bir dəstə insandan, camaatdan ibarətdir. Məqsəd isə bir topluma, ictimaiyyətə, bir xalqa diqqət çəkməkdir. “Ənfus” sözü “nəfs” sözünün cəmidir. “Nəfs” sözü “ruh”, “can” və ya “insan” mənalarını bildirir. Məqsəd bir toplumun öz aqibətini dəyişməsindən gedir. Toplumlar, xalqlar insanlardan, fərdlərdən təşkil olunduğu üçün Allah-taala ilk olaraq fərdin özünü dəyişməsindən başlayır. İnsan cəmiyyətini təşkil edən fərdlər özünü dəyişməyincə Allah onda olanları dəyişməz.

Mərhum Hacı Qasimin həyatını nəzərdən keçirdikdə mömin, təqvalı Allah bəndəsi olmaqla öz aqibətini, özündə olanı dəyişən bir insan olduğunu görürük. O, nəfsin, şeytanın boyunduruğundan özünü xilas edib mömin bir bəndəyə çevrilmişdir. 63 yaşında ahıl bir adamı ömrünü bu cür imanlı, ixlaslı şəkildə yaşayan görürüksə, ömrünün gənc yaşlarında da iman üzərində olmasını demək mümkündür. Onun həyatındakı bir məqamı qeyd etsək, sözümüz daha çox öz təsdiqini tapmış olacaq. O, 22 yaşında ikən İranda İslam inqilabı baş verir. Bu inqilab İslam inqilabı kimi tanınsa da, inqilaba rəhbərlik edən şəxs ruhani, seyyid, müctehid olsa da, zalım şah rejiminə qarşı çıxanlar təkcə dindarlar deyildi. O vaxtlar müxtəlif düşüncə və əqidə sahibləri meydanlara axışmışdı. Belə kütləvi xalq nümayişlərinə bütün dünya şahid olurdu. Belə bir həssas dönəmdə Hacı Qasim, 22 yaşlı bir gənc, üzündə saqqalı, dilində zikri ilə məhz ruhanilərin, din xadimlərinin cərgəsində yer alır. Etirazlara rəhbərlik edən İmam Xomeynini öz mübarizəsində rəhbər qərar verir. Ayətullah Xamenei ilə tanış olur, onun təklifləri, məsləhətləri ilə iş görür. Hətta hərbi rütbəsi artdıqca, adi bir əsgər olmaqdan general-leytenant rütbəsinə qədər yüksələn mömin bir bəndə ahıl vaxtlarında belə imanının, mərcəiyyətə, ruhaniyyətə olan bağlılığının zəifləməsinə imkan vermir. Təkəbbür yolunu deyil, təvazökarlıq, ixlas yolunu tutur. Ömrünü elə yaşayır ki, onun ixlası, Allaha olan təqvası İslam alimlərinin, ümmətin müctehidlərinin belə diqqətindən yayınmır. Özündə olanı dəyişməyi bacaran Hacı Qasim Allahın qeyd etdiyimiz ayəsini, əmrini unutmur. Özü ilə bərabər xalqı, ictimai-siyasi vəziyyəti də dəyişməyə səy göstərir. Öz bacarığı çərçivəsində müəyyən işlər görməyə başlayır. İran xalqının öz aqibətini dəyişmək yolundakı səylərinə o da öz töhfəsini verir. Zülmə, haqsızlığa qarşı ayaqlanan, sərvətinin, heysiyyətinin, vətəninin oğurlanmasına, imperialistlər tərəfindən mənimsənilməsinə imkan vermək istəməyən xalqa arxa-dayaq olur. İslam inqilabı qələbə çaldıqdan sonra imperialistlər qonşu, həmsərhəd olan İraq dövlətinin amerikapərəst diktatoruna İrana hücum əmri verir. Qasim Süleymani rəhbəri İmam Hüseyn (ə) kimi zillətli yaşamağa razı olmur, dövləti, vətəni, sərvəti düşmənə vermək fikrinə düşmür, öz aqibətini dəyişməyə çalışır. Bütövlükdə müsəlman bir millətə qoşulur, qövm, xalq olaraq aqibətini dəyişmək ardınca olur. Bütün ömrünü İslama həsr edən general, nəhayət, elə İslam yolunda İslam düşmənləri tərəfindən şəhid edilir.

Dünyanı verib axirəti satın alan general

Quran buyurur: “Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik”. (Nisa surəsi, 4-cü ayə) Bu ayədə deyilən şəxslərin bariz nümunələrindən biri də Hacı Qasim Süleymanidir. Bu ayənin hökmünə görə Qasim Süleymani dünyasını axirətinə qurban verən insanlar cərgəsindədir. Bir qədər əvvəl dediyimiz kimi, ona təklif edilmişdi ki, prezident seçkilərində namizədliyini versin. O isə dünya həyatını axirətə dəyişən insan olduğu üçün qəbul etməmişdi.

Onun adi həyatında yaşayışı çox sadə, xalqından seçilməyən bir tərzdə olmuşdur. Onu hamı təvazökar, imanlı, sadə geyinən, sadə dolanan bir insan kimi tanıyırdı. Ömrünün 40 ildən çoxunu Allah yolunda vuruşan mərhum general Allahın bu mübarək ayəsini oxuyub, eşidib “ləbbeyk” deyən mücahidlərdən idi. O həm Allah yolunda öldürülmüş, həm də düşməni məhv etmiş bir insandır. Mübarək ayədə hər iki zümrənin mükafata çatacağı bildirilmişdir. Mərhum general həm ölkə daxilində zalım Pəhləvi hakimiyyətini devirən, zülmə qalib gələn, həm Səddam təcavüzünü dəf edərkən təcavüzkarı məğlub edən, həm də son dövrün ən təhlükəli terror təşkilatı olan İŞİD-i məhv edən bir insandır. Onun, bəlkə də, dünyada ən kiçik mükafatı azadlıqsevərlərin, ədalət aşiqlərinin qəlbində yaşamasıdır. Hətta sağlığında onu tanımayan insanlar belə şəhadətindən sonra haqqında məlumatlar əldə etdikdə öz məhəbbət və sədaqətini şəhidə gözəl bir şəkildə bildirdilər.

Kafirlərə qarşı sərt, möminlərə mərhəmətli

Quran buyurur: “Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir”. (Fəth surəsi, 29-cu ayə) Mübarək ayədə konkret olaraq İslam Peyğəmbəri Həzrət Məhəmmədlə (s) birlikdə olanlar qeyd edilsə də, ayənin məzmunu ümumi olaraq Həzrətə (s) iman gətirmiş, qəlbən, əqidə nöqteyi-nəzərindən ona daha yaxın olanlara da şamil olur. Çünki İslam inancına görə, coğrafi, yaxud zaman yaxınlığı yox, mənəvi, əqidəvi yaxınlıq daha önəmlidir. Necə ki, o vaxtlar İslam Peyğəmbərilə (s) birlikdə olub öz aralarında bir-birinə mərhəmətli, kafirlərə qarşı sərt olmaq və buna riayət edənlər mədh olunmuşdur, eləcə də əsrlər sonra kimlərsə İslam inancına sadiq qalıb bu mübarək ayəyə əməl etsələr, ayənin məzmunu onlara da şamil olunar. Hacı Qasim Süleymani də məhz belə insanlardan idi. Onun xüsusən də şəhid övladlarına olan məhəbbəti dillər əzbəridir. O, adi hallarda ətrafındakı möminlərlə yaxşı münasibət qurur, onlara ehtiram edir, bütün məclislərdə təvazökarlıq edib adi insanların sıralarına qatılırdı. Allah xofu və Allah eşqi şəhid generalı möminlərə qarşı hər zaman mərhəmətli etmişdi. Onun İranın hüdudlarından kənarda müxtəlif xalqların azadlığı üçün tələsməsi iddiamızı bir daha sübut edir. Fələstində, Livanda, Suriyada,

Əfqanıstanda, İraqda müsəlmanlara qarşı necə mərhəmətli olubsa, beynəlxalq imperializm, sionizm, İŞİD vəhhabilərinin qarşısında da bir o qədər sərt, alınmaz qala kimi dayanmışdır.

Hacı Qasim Ayətullah Nuri Həmədaninin dilindən

Şəhid Sərdarın görüşdüyü və kəfənini imzalatdırdığı böyük İslam alimlərindən biri də Həzrət Ayətullah Nuri Həmədanidir. O, Hacı Qasimin sağlığında onunla görüşdən, şəhid olduqdan sonra isə onunla vidalaşan zaman çox təsirlənmiş, ağlamışdır.

Ayətullah Nuri Həmədani Hacı Qasim Süleymaninin şəhadətilə bağlı başsağlığı verərkən belə buyurmuşdur: “Allah yolunun mücahidi Hacı Qasimin şəhadəti münasibətilə bütün azadlıqsevərlərə, bütün mücahidlərə, İslam dininə bağlı olan hər kəsə başsağlığı verirəm. Hacı Qasim Süleymani mücahid, çox-çox şücaətli, İslami əxlaqı ali olan insanlardan biri idi. Uzun illər imperialistlər və sionistlər qarşısında İslama böyük xidmətlər etmişdir. Livanda, Suriyada, İraqda, ümumiyyətlə, imperialistlər və sionistlərə qarşı mübarizə gedən istənilən yerdə o, ilk sırada idi. İmam Sadiq (ə) buyurur : “İnsan Allah yolunda öldürülənə qədər bütün yaxşılıqların fövqündə bir yaxşılıq vardır. Allah yolunda öldürüldükdən sonra isə daha ondan böyük yaxşılıq yoxdur”. Allah yolunda öldürülmək elə bir ali dərəcədir ki, İslamda ondan yuxarı dərəcə yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =