Hicablı xanımlarla bağlı bu xəbər rezonans doğurdu – qadağa rəsmən qalır, amma…
Azərbaycanda sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Lent.az-a sürücülük vəsiqəsi alan xanımlar məlumat veriblər.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məsələ ilə bağlı mediaya açıqlamasında araşdırılma aparıldığını bildirib, lakin hələ nəticə barədə məlumat verilməyib.
Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanırdı. Hətta bu səbəbdən sənəd ala bilməyən bir çox xanımlar iş və təhsillə bağlı konstitusion hüquqlarını gerçəkləşdirə bilmirlər.
Bəs şəxsiyyət vəsiqələri ilə bağlı qadağanın götürülməsi necə, gözlənilirmi?
Ceyhun Məmmədov: “Onsuz da müasir texnologiya imkan verir ki, hətta başı bağlı olan adamın şəxsiyyəti bilinsin, ona görə…”
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, müvafiq normativ hüquqi aktlarda başı örtülü formada şəxsiyyət vəsiqəsi üçün və digər sənədlər üçün şəkilin çəkilməsi qadağandır: “Burada açıq şəkildə qeyd edilir ki, şəxsiyyət vəsiqəsi, pasport alınarkən vətəndaşın başının açıq olması məsələsi şərtdir. Bunun da əsaslandırılması ondan ibarətdir ki, həmin şəxslərin tanınmasında müəyyən problemlər yarada bilər. Ona görə şəkil çəkilərkən başıaçıq çəkilməlidir. Bir neçə gündür mən də izləyirəm, bir xanımın başıbağlı sürücülük vəsiqəsi alması cəmiyyətdə geniş müzakirə olunub. Əslində mən bu məsələni parlamentdə bir neçə dəfə qaldırmışam ki, hazırda biometrik pasportlar verildiyinə görə artıq bu məsələ öz aktuallığını itirib. Xüsusilə, inanclı, dindar kəsimdə ciddi bir narahatlıq yaradıb.
Bu narahatlığın aradan qalxması üçün belə bir məhdudiyyətin ləğvinə ehtiyac var. Bu gün insanlarımızın bununla bağlı ciddi əziyyət və narahatlıq keçirdiyini nəzərə alaraq düşünürəm ki, belə bir məhdudiyyətin aradan qaldırılmasına ehtiyac var. Xüsusilə də, söhbət hicablı olan xanımlardan gedir. Bizə də tez-tez bununla bağlı ayrı-ayrı şəxslər tərəfindən müraciətlər daxil olur. Fikrimcə, bu məsələnin yaratdığı narazılıq nəzərə alınaraq gələcəkdə belə bir məhdudiyyətin aradan qaldırılması məsələsinə baxa bilərik. Bu məsələ yalınız və yalnız insanlarda narahatlıq və gərginlik yaradır. Eyni zamanda, radikal qruplar da o məsələdən dövlət əleyhinə istifadə etməyə çalışırlar. Onlar Azərbaycan dövlətinin guya dinə qarşı olduğunu, dinə qarşı siyasət həyata keçirdiyini davamlı olaraq müxtəlif müstəvilərdən qaldırmağa və bunu bir problem kimi göstərməyə çalışırlar. Ona görə bu məsələnin həllinə ehtiyac var. Onsuz da müasir texnologiya imkan verir ki, hətta başı bağlı olan şəxsin də şəxsiyyətini müəyyənləşdirək. Hazırda belə bir müayinəyə ehtiyacımız yoxdur. Sonuncu hadisə də cəmiyyət tərəfindən bu qədər diqqətlə və maraqla qəbul edildi. Hesab edirəm ki, gələcəkdə bu məsələyə yenidən baxılması və müvafiq addımlar atılması məqsədəuyğun olardı”.
Rəsul Mirhəşimli: “Bu qadağalar insan hüquq və azadlıqlarına, eləcə də Azərbaycanın qoşulduğu beynəlxalq normativ aktlara ziddir”
Araşdırmaçı jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əgər bu qadağa aradan qaldırılıbsa, müsbət hadisə sayılmalıdır: “Çünki ölkədə hicablı xanımların şəxsiyyət vəsiqəsi və pasport almasına yaradılmış problemlər 1998-ci ildən davam edir.
Hicablı xanımlara yaradılan bu qadağalar insan hüquq və azadlıqlarına, eləcə də Azərbaycanın qoşulduğu beynəlxalq normativ aktlara ziddir. Uzun illərdir inanclı insanlar bu problemin həllini gözləyirlər. Bir qadın hicab geyinməyə qərar veribsə, bu onun şəxsi seçimidir. Bu seçimə də hörmətlə yanaşmaq lazımdır. Əksi baş verəndə bu hal şəxsi həyata müdaxilə kimi qiymətləndirilə bilər. Ölkə və beynəlxalq qanunlarla da şəxsi həyata yolverilməz sayılır.
Bir neçə il öncə Avropada belə bir hal yaşanmışdı. Pasport və sürücülük vəsiqəsi almaq istəyən baş örtülü qadınlardan “hicabın vacib olmasına dair” məsciddən sənəd gətirmələri tələb edilmişdi. Şəxsi seçimin məscid tərəfindən sənədləşdirilməsini və əsaslandırılmasını tələb etmək kimi yanlış qərar həmin ölkədə yaşayan müsəlmanların narazılığına səbəb olmuşdu.
Bizim ölkədə də pasport və şəxsiyyət vəsiqəsinin verilməsinə məsul olan məmurlar yerli və beynəlxalq normativ sənədlərə istinad edərək, uzun illərdən bəri yaşanan problemi həll etməlidir”.
Yeri gəlmişkən, məsələ bundan əvvəl də gündəmə gələndə hüquqşünaslar bildiriblər ki, hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilir. Tələblərdə fotonun ağ fonda və naxışsız olması göstərilib, arxa fonda kölgə olmamalıdır, son vəziyyətini göstərmək üçün şəxs tərəfindən son 6 (altı) ay ərzində çəkilmiş olmalıdır.
Üz tam görünməli, saç düzümü ilə birlikdə fotoşəkilin ortasında olmalıdır. Fotoşəkildə heç bir ləkə və ya əyilmə olmamalıdır. Rənglər neytral olmalı və üzün təbii rənglərini əks etdirməlidir. Kontrast yaxşı tənzimlənməli, detallar kifayət qədər kəskin və aydın olmalıdır. Gözlər açıq vəziyyətdə olmalı və aydın görünməlidir. Şəkil çəkərkən saçlar gözləri örtməməli və birbaşa kameraya baxmalıdır. İşıq üzə bərabər şəkildə əks olunmalı, əks və kölgə olmamalıdır. Fotoşəkildə “qırmızı göz” olmamalıdır. Gözlər aydın görünməli, eynəkdə əks olunmamalı, rəngli eynək və ya gün eynəklərindən istifadə edilməməlidir. Eynək lensinin kənarı və ya çərçivəsi gözləri örtməməli və ya onları örtəcək qədər qalın olmamalıdır. Uşaqların fotoşəkillərində başqa insanlar və əşyalar olmamalıdır. Fotoşəkildə şəxsin mütləq istifadə etdiyi eynək və buna bənzər aksesuarlar istisna olmaqla, papaqlar, papaqlar, borular və s. obyektlər mövcud olmamalıdır. Hicablı fotolarda üz çənənin ucundan alnına qədər görünməli, üzdə kölgə olmamalıdır. Şəxsiyyət vəsiqəsində hicablı fotonun yerləşdirilməsinə yol verilməməsi və hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”