İmam Cavad (ə) mövludun mübarək!
İmam Məhəmməd Təqi (İmam Cavad) h.q 195-ci ilində dünyaya göz açıb. Məhəmməd ibn Əli ibn Musa ibn Cəfər şiələrin doqquzuncu imamıdır və “Cəvadul-əimmə” olaraq məşhurdur. Onun soyu altı vasitə ilə şiələrin ilk imamı imam Əliyə (ə) çatır. Atası imam Rza (ə) şiələrin səkkizinci imamıdır. Anası Səbikə Nubiyə adlı kəniz idi. Onun künyəsi Əbu Cəfər, məşhur ləqəbləri isə Cavad və İbnur-Rzadır. Onun, Cavad ləqəbi ilə tanınması Həzrətin çox yaxşılıq etdiyinə və bəxşiş verdiyinə görədir.
Şiə mənbələrində, imam Cavadın (ə) təvəllüd zamanı danışmaq, teyyül-ərz etmək, xəstələrə şəfa vermək və duasının qəbul olunması kimi bir sıra kəramətləri nəql edilmişdir. Əhli-sünnə alimləri də imam Cavadın (ə) elmi və mənəvi şəxsiyyətini tərifləmiş və Həzrəti (ə) xüsusi ehtiramla yad etmişlər.
Doqquzuncu imamın (ə) haqqında müxtəlif dillərdə 660-dən çox elmi əsər çap edilmişdir. Buna nümunə olaraq “Vəfatul-imamil-Cavad”, “Musnədul-imamil-Cavad”, “Mosuətul-imamil-Cavad”, “əl-Həyatus-siyasiyyət lil-imamil-Cavad”, “Həyatul-imam Muhəmməd əl-Cavad” kitablarını göstərmək olar.
Bu gözəl gün münasibətilə Səhər Azəri TV-si adından bütün müsəlmanları təbrik edir və bol sevgilərlə anırıq.