İran xarici işlər naziri AEBA-nı qeyri-konstruktiv olmaqda ittiham edib
İran xarici işlər naziri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) qeyri-konstruktiv olmaqda ittiham edib.
APA IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian omanlı həmkarı Sayyid Bədr Əbusaidi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
İranın Xarici İşlər Nazirliyinin rəsmiləri və İranın Atom Enerjisi Təşkilatının (AEOI) ekspertlərindən ibarət nümayəndə heyətinin iki həftə əvvəl AEBA ilə əməkdaşlığı gücləndirmək və Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşmək üçün Vyanaya səfər etdiyini xatırladan Hüseyn Əmir-Abdullahian Agentliyin ötən həftənin sonunda qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini deyib. “ABŞ-ın maksimum təzyiqinə uyğun olaraq anti-İran qətnamə layihəsi təklif edilib və bu qətnamənin verilməsi üçün AEBA-dan istifadə olunub. Biz beynəlxalq hüquqa və öhdəliklərə riayət etməklə, qarşılıqlı və təsirli tədbir görəcəyik”, İran XİN başçısı deyib.
Apa.az