İranla Azərbaycan arasında buzlar əriyir – Tərəflər bir-birinin strateji əhəmiyyətini qəbul edir
Son dövrlərdə Azərbaycanla İran arasında münasibətlərin müsbət məcraya yönəlməsi müşahidə olunur.
İranın mərhum Prezidenti İbrahim Rəisinin mayın 19-da iki ölkə sərhədində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, liderlərin birlikdə Araz çayı üzərində tikilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirakı bunun növbəti təsdiqi oldu.
İran Prezidenti hadisədən sonra uğradığı helikopter qəzasında faciəli şəkildə həlak olsa da, tərəflərin əldə etdikləri razılıqların və münasibətlərdəki müsbət dinamikanın bundan sonra da davam edəcəyinə böyük ümid var.
Amma Tehran-Bakı münasibətləri son zamanlara kimi heç də pozitiv deyildi. Bunun bir sıra əsaslı səbəbləri vardı. Azərbaycanın 2020-ci ildə 44 günlük müharibə zamanı qazandığı qələbə, İranın bu proses zamanı heç də konstruktiv rol oynamaması, Ermənistan ərazisində silah daşınmasında tranzit rol oynaması ikitərəfli münasibətlərdə mənfi ab-hava yaradan amil idi. Digər yandan, İranın müxtəlif siyasi səviyyələrdə Zəngəzur dəhlizinin açılması mövzusunda da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi üçtərəfli razılaşmanın ruhuna zidd açıqlamaları Bakı-Tehran xəttində soyuqluğa yol açırdı.
İranda Azərbaycanla münasibətlərdə gərginlikdə qalmasına maraqlı olan qanadın ölkəmizin ünvanına hədyan dolu açıqlamaları və Azərbaycanla sərhəddə 30 illik işğal dövründə bir dəfə olsun hərbi təlim keçirməyən İranın azad olunmuş ərazilərlə sərhəddə müntəzəm genişmiqyaslı təlimləri sanki əzələ nümayişi idi.
Gərginliyin pik nöqtəsi isə 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. Mühafizə xidmətinin rəisinin qətlə yetirildiyi, səfirliyin iki nəfər mühafizə əməkdaşının da yaralandığı terror hücumundan sonra münasibətlər ən aşağı həddə endi. Təhlükəsizlik məqsədilə səfirlik fəaliyyətini dayandırdı, səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi aparıldı.
Amma Azərbaycanın peşəkar siyasi və diplomatik fəaliyyəti cənub qonşusunun bütün bu qeyri-konstruktiv ritorikasını, siyasi və hərbi təzyiq cəhdlərinin qarşısını aldı. İran atdığı bütün addımlara adekvat qarşılıq aldı.
Prezident İlham Əliyev 2023-cü il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda rəsmi Bakının mövqeyini konkret ifadə etmişdi. “İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”, – deyə qeyd dövlət başçısı vurğulamışdı.
Yalnız bundan sonra rəsmi Bakı ilə güc dili ilə danışmağın mümkünsüz olduğunu anladıqdan sonra İranın münasibətlərində konstruktiv yanaşma elementlərini bərpa etdi.
Münasibətlərdə buzlar 2023-cü ilin iyulunda İranın mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakıya səfərindən sonra əriməyə başladı.
İran tərəfi Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı ciddi araşdırma apardı, hadisəni törədən şəxslə bağlı hökm çıxardı.
Paralel olaraq, Azərbaycanın Tehrandakı səfirliyinin yeni məkana köçürülməsi tərəflər arasında normallaşma prosesinin bir elementi idi.
İranın Azərbaycanla normallaşma ilə bağlı daha bir pozitiv addımı Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Kəlalə-Ağbənd sərhəd zonasında Araz çayı üzərində avtomobil və dəmir yolu körpülərinin tikintisi ilə bağlı əldə olunmuş razılaşma idi. Zəngəzur dəhlizinə paralel açılacaq həmin marşrut iki ölkənin geniş mənada Orta Dəhlizin logistika imkanlarını genişləndirəcək.
Beləliklə, Tehranın Bakı ilə münasibətlərdə yol verdiyi taktiki səhvlərin strateji səhvlərə çevrilmədən geridönüş etməsi mövcud durumu daha da pisləşmədən xilas etdi, Cənubi Qafqazda əhəmiyyətli rol oynamaq üçün Azərbaycanla mütləq yaxşı münasibətlərin olmasının vacibliyini anladı.
Buna paralel olaraq, İran tərəfdən Azərbaycana münasibətdə müsbət açıqlamalar və addımlar müşahidə olunmaqdadır. Buna daha çox İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin bəyanatlarında rast gəlmək olar. Cənab Kənani bu gün keçirdiyi mətbuat konfransında da bəyan edib ki, İranın Azərbaycanla əlaqələri düzgün yoldadır.
“Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası məsələsi iki ölkə arasında əməkdaşlığın və əlaqələrin tərəqqisində razılaşdırılmış məsələlərdən biri olub. Ümid edirik ki, bu məsələ birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”, – deyə XİN sözçüsü qeyd edib.
Eyni zamanda, regionla bağlı da Azərbaycan və İranın mövqeyində eynilikləri müşahidə etmək mümkündür. Bunların sırasında ən əsas məsələlərdən biri həm Bakı, həm də Tehranın regiondakı problemlərin yalnız region ölkələrinin özü tərəfindən həll edilməli olması barədə mövqeyidir. Azərbaycan və İran rəsmiləri dəfələrlə bəyan edib ki, regiondan kənar dövlətlərin və qüvvələrin bölgədə baş verənlərə müdaxiləsi yolverilməzdir və daha çox prosesin ziyanına işləyir. Bu mənada hər iki ölkənin “3+3” formatında əməkdaşlığa müsbət yanaşmasını da vurğulamaq yerinə düşər.
Lakin bəzi regional mövzularda mövcud olan fikir ayrılıqları yumşalsa da, tam aradan qalxmadığını də söyləmək lazımdır. İki ölkə arasında münasibətlərdə xoşagəlməz məqamlardan biri isə, ilk növbədə, Azərbaycanın axtarışa verdiyi bəzi radikalların ölkəmizə ekstradisiyası üçün rəsmi Tehran tərəfindən addımlar atılmaması ilə bağlıdır.
Bununla belə, İranın son aylarda Azərbaycanla münasibətlərdə atdığı konstruktiv addımlar, etimadı bərpa edən açıqlamalar münasibətlərin gələcək perspektivi barədə müsbət fon yaradır.