İspaniya fermerləri etiraz aksiyalarına heyvanları gətirmək niyyətindədirlər
İspaniyada fermer etirazlarını təşkil edən ictimai hərəkat nümayişlərin strategiyasının dəyişdirilməsini və aksiyalara heyvanların da cəlb olunmasını təklif edib.
Bunu qurumun nümayəndəsi Xayme de Pena deyib.
“Bu gündən etibarən heyvanlar İspaniyanın yollarında gəzəcək”, – o deyib. “El Mundo” qəzeti xəbər verir ki, de Pena fermerlərin traktorlarla keçirdiyi etiraz aksiyaları zamanı polisin güc tətbiq etməsinə qarşı çıxıb. O, əmrlərin bilavasitə İspaniya Daxili İşlər Nazirliyindən verildiyini də bildirib.
“Demokratik ölkədə buna yol vermək olmaz”, – hərəkatın nümayəndəsi əlavə edib. Bununla bağlı de Pena əmin edib ki, nümayişlər zamanı 60 zərərçəkən yerli və Avropa məhkəmələrinə müraciət edəcək.
İspaniyada fermerlərin etirazları fevralın 6-da başlayıb. Həmin gündən onlarla etirazçı saxlanılıb. Fermerlər həm sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkməyə çalışır, həm də Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar.