İspaniyada parlament seçkilərində bu partiya qalib gəldi: Ölkə “siyasi dalan”a girir?
Publika.az xəbər verir ki, İspaniyada parlamentdə 136 yeri mühafizəkar Xalq Partiyası qazanıb. Baş nazir Pedro Sançesin rəhbəri olduğu İspaniya Sosialist İşçi Partiyası (PSOE) qanunverici orqanda 122 yer qazanacaq.
Eyni zamanda seçicilərin 12,4 faizi parlamentdə 33 yer tutan ifrat sağçı “Voks” partiyasına səs verib. Hazırkı Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diazın rəhbərlik etdiyi Sumar partiyasının solçu populistləri isə parlamentdə 31 yer qazanacaqlar.
APE agentliyi yazır ki, mövcud vəziyyət mümkün koalisiyaların heç birinin parlamentdə çoxluq yaratmaq üçün kifayət qədər aydın səs toplaya bilməməsi səbəbindən “siyasi çıxılmaz vəziyyətə” gətirib çıxara bilər. Beləliklə, “Voks”la birləşəcəyi proqnozlaşdırılan Mühafizəkarlar, hətta bu halda belə, 350 yerdən yalnız 169-unu, PSOE, Sumar və artıq koalisiyaya daxil olan bir neçə kiçik partiya isə ümumilikdə 172 yer qazanacaq.
Eyni zamanda, bölgənin müstəqilliyini müdafiə edən və parlamentdə 7 yer qazanan Kataloniya Junts partiyası düşərgələrin heç birinə qoşulmayıb. Onun qeyri-rəsmi lideri, Madridin qeyri-qanuni hesab etdiyi regionun ayrılması ilə bağlı referendumdan sonra ölkədən qaçan Kataloniyanın eks-prezidenti Karlos Puçdemont həm PSOE, həm də Xalq Partiyasını dəstəkləməkdən imtina edib.
Əgər koalisiyalardan heç biri Konqresdə çoxluğu əldə etmək üçün 176 səs bariyerini keçə bilməsə, ölkədə yeni seçkilər keçirilə bilər.
İfrat sağçı “Voks” İspaniyanın miqrantlara qarşı daha sərt siyasətini və ölkədə transgenderlərin hüquqları və iqlimin qorunması ilə bağlı qəbul edilmiş qanunların ləğvini tələb edir.
Publika.az