İsrail MN: Qəzzadakı müharibənin nəticəsi regiona onilliklər ərzində təsir edəcək
Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı aparılan müharibənin nəticələri onilliklər ərzində regiona təsir edəcək və İsrail, ABŞ-nin ortaq düşmənlərinə mesaj verəcək.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə deyib.
“Qalant bu yaxınlarda Ağ Evdə Sallivanla danışıqları yekunlaşdırdı. Üz-üzə görüş bir saat yarım davam etdi.
Qalant görüş zamanı Qəzza zolağındakı müharibənin nəticələrinin bölgəyə onilliklər ərzində təsir edəcəyini və hər iki ölkənin (İsrail və ABŞ – red.) ümumi düşmənləri üçün bir siqnal olacağını vurğuladı”, – İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə qeyd olunur.
“Tərəflər HƏMAS təşkilatı tərəfindən Qəzza zolağında girovların azad edilməsinin təmin edilməsi istiqamətində səyləri, həmçinin HƏMAS-ın inzibati və hərbi imkanlarının məhv edilməsini təmin etmək üçün zəruri tədbirləri müzakirə ediblər”, – mətbuat xidməti əlavə edib.