İsraildə milyarder Abramoviçin bank hesabı bloklanıb
..2018-ci ildə İsrail vətəndaşlığını alan milyarder Roman Abramoviçin İsraildəki bank hesabı bloklanıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Jerusalem Post”-un məlumatına görə, Bank Mizrahi Abramoviçin 2022-ci ilin martından Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları altında olan hesabından 8 milyon şekeli köçürmə etməkdən imtina edib.
Abramoviçin vəkillərinin fikrincə, bankın hesabın bloklanması üçün əsas səbəb, milyarderin bu vəsaiti ZAKA ictimai təşkilatına köçürməsi olub. Qeyd edək ki, bu təşkilat İsraildəki fövqəladə hallara cavab verən könüllü xilasetmə qruplarını bir araya gətirir.
Abramoviçin vəkilləri iş adamının hesabının sanksiyalara görə dondurulduğunu və maliyyə əməliyyatları üçün istifadə edilə bilməyəcəyini iddia edən bankı məhkəməyə verib. “Forbes” jurnalına görə 9,2 milyard dollarlıq sərvətlə Rusiyanın 20 ən zəngin adamından biri olan Abramoviç 2022-ci ilin mayında Avropa Ümumi Yurisdiksiya Məhkəməsində Avropa Şurasına qarşı iddialar qaldıraraq, məhdudlaşdırıcı tədbirlərin ləğvini tələb və təkid edib.
2023-cü ilin dekabrında Abramoviçin iddiası rədd edildi: məhkəmə sanksiyaların, o cümlədən viza qadağası və bütün aktivlərin dondurulmasının qanuni olaraq tətbiq edildiyini müəyyən etdi.
Məhkəmə xüsusilə vurğuladı ki, Abramoviç Rusiyanın ən böyük kokslaşan kömür istehsalçısı və ölkədəki ən böyük metallurgiya konserni olan Evrazda 28 faiz paya malikdir. Bundan əlavə məhkəmə metallurgiyanın Rusiya hökuməti üçün əsas gəlir mənbələrindən biri olduğunu bəyan edib.