İsrailin BMT-dəki rəsmisi Qəzzada müharibənin dayandırılması şərtini açıqlayıb
Fələstinin radikal HƏMAS hərəkatı anklavda saxlanılan bütün girovları dərhal azad etsə, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı başa çatacaq.
Bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan Yaxın Şərq üzrə dünya təşkilatının Təhlükəsizlik Şurasında keçirilən açıq debatda deyib.
Onunu sözlərinə görə, hazırda Qəzzada atəşkəs mümkün deyil. Çünki döyüş əməliyyatlarının dayandırılması yalnız HƏMAS radikallarının xeyrinə olacaq:
“Təəccüblüdür ki, burada Təhlükəsizlik Şurasında bir çoxları nəticələrini düşünmədən daimi atəşkəsin tərəfdarıdırlar. Sizcə, atəşkəs olsa nə olacaq?
Mən sizə nə olacağını söyləyəcəyəm: HƏMAS hakimiyyətdə qalacaq, onlar yenidən toplanacaq və yenidən silahlanacaq və tezliklə israillilər növbəti Holokost cəhdi ilə üzləşəcəklər”.
Diplomat görüş iştirakçılarına bildirib ki, eyni vaxtda atəşkəsə çağırmaq və HƏMAS-ın Qəzza zolağında hakimiyyəti saxlama ehtimalına imkan vermək qeyri-realdır.
“Bu, münaqişənin həllinə gətirib çıxarmayacaq, çünki HƏMAS İsraili məhv etməyə çalışır. Amma, əziz dostlar, axan qanı dayandırmağa kömək edəcək bir düstur var və şura bunun arxasında birləşsə, o, reallaşacaq: HƏMAS oktyabrın 7-də İsrailə hücuma görə məsuliyyət daşıyanları təhvil versə və Həmas bütün girovları azad etsə, bu müharibə dərhal bitəcək”