İsrailin münaqişədən sonra Qəzzanı idarə etmək niyyəti yoxdur
İsrailin Qəzza zolağındakı münaqişədən sonra oranı idarə etmək istəyi yoxdur.
Bu barədə İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq “Fox News” telekanalına müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Təl-Əvivin Qəzzanı işğal və ya idarə etmək niyyəti yoxdur, münaqişə bitdikdən sonra anklavın gələcəyini ABŞ ilə müzakirə edir:
“Bizim mövqeyimiz ondan ibarətdir ki, Qəzzanı fələstinlilər özləri idarə etməlidir”, – o qeyd edib.
Diplomatın sözlərinə görə, İsrail ordusu Qəzzaya oranı işğal və ya idarə etmək üçün deyil, anklavı radikal HAMAS hərəkatının döyüşçülərindən azad etmək üçün daxil olub.
Hersoq həmçinin bildirib ki, İsrail anklavın şimal hissəsindəki sakinlərin cənuba köçə bilməsi üçün Qəzzada humanitar dəhlizlər açıb:
“Artıq 200 mindən çox insan bu imkandan yararlanıb. Bu da onu göstərir ki, dinc əhali HAMAS üçün canlı qalxan rolunu oynamaq istəmir. Onlar bizi sevmirlər, lakin HAMAS-ı da sevmirlər”.
Səfir onu da əlavə edib ki, ölkəsi anklavın şimalındakı vəziyyətdən asılı olaraq, hər gün dörd saat müxtəlif ərazilərdə humanitar fasilələr təşkil etməyə başlayıb.