İsraillə HƏMAS, nəhayət, anlaşdı, Ərdoğandan Fələstin çağırışı – tək yol…

İsraillə HƏMAS, nəhayət, anlaşdı, Ərdoğandan Fələstin çağırışı – tək yol…

HƏMAS girovları azad etmək şərtlərini açıqladı, Türkiyə lideri isə hesab edir ki, paytaxtı Şərqi Qüds olmaqla, Fələstin dövlətinin yaradılması qaçılmazdır; “Onlar Osmanlıya xəyanət ediblər, bununla belə, Ərdoğan ədalətli yanaşaraq…” – ekspert

Dünyanın ən mürəkkəb problemlərindən biri, bəlkə də birincisi olan İsrail-Fələstin münaqişəsinin bitməsi yaxın illərdə mümkün görünməsə də, ən qısa zamanda bunun həlli üçün praqmatik ekspertlər, politoloqlar, liderlər yalnız bir yol olduğunu deyirlər – Fələstin dövlətinin yaranması. 1967-ci il sənədinə görə də bu məsələ baş tutmalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair prezidenti Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransı zamanı bildirib ki, Fələstin məsələsinin adil siyasi həlli olmadan bölgəmizdə daimi sülhün və sabitliyin təsis edilməsi mümkün deyil. Ərdoğan qeyd edib ki, 1967-ci ilin sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmaz bir reallıqdır. Türkiyə prezidenti həmçinin girov düşən şəxslərin mübadiləsində ən qısa zamanda nəticə əldə ediləcəyinə ümid etdiyini vurğulayaraq, bu istiqamətdə danışıqların davam etdiyini də əlavə edib. Ərdoğan kifayət qədər ağıllı, praqmatik bir liderdir və onun söylədikləri həqiqətdir. Bəs Fələstin dövlətinin yaranması üçün konkret hansı addımlar atılmalıdır? Qərb buna imkan verəcəkmi?

Yeri gəlmişkən, ABŞ dövlət katibi Antoni Blinken İsrail və HƏMAS arasında əldə olunan razılaşmaları əhəmiyyətli irəliləyiş adlandırıb. “Bu razılaşma əhəmiyyətli irəliləyişlərə işarə edir. Lakin HƏMAS Qəzzada girovları azad etməyənə qədər biz sakitləşməyəcəyik”, – o qeyd edib. Dövlət katibi amerikalılar da daxil olmaqla, 50 girovun azad edilməsinə dair razılaşmanı alqışlayıb. İsraillə razılaşma əldə edilərsə, HƏMAS-ın azad edəcəyi girovlar uşaqlar olacaq. CNN mənbələrinə istinadən belə məlumat yayıb. Mənbələrdən biri CNN-ə açıqlamasında HƏMAS-ın azad edəcəyi girovların demək olar ki, hamısının uşaq olacağını bildirib.

Digər mənbə isə qeyd edib ki, azad edilən girovlar arasında İsrail vətəndaşları və ikili vətəndaşlığı olan şəxslər də olacaq. Bundan əvvəl NBC telekanalı bildirmişdi ki, İsrail və HƏMAS nümayəndələri girovların azad edilməsi ilə bağlı ilkin razılığa gəliblər. İndi İsrail hakimiyyəti bunu təsdiqləməlidir. İlkin razılaşma Fələstinin radikal HƏMAS hərəkatının saxladığı 50 qadın və uşağın 150-yə yaxın fələstinli məhbusla dəyişdirilməsini nəzərdə tutur. Həmçinin razılaşmaya əsasən, tərəflər 4-5 gün müddətinə atəşkəs və Qəzza zolağına yanacağın çatdırılmasını elan edə bilərlər. Qeyd edək ki, oktyabrın 27-də quru əməliyyatı başlayandan bəri Qəzza zolağında HƏMAS-la döyüşlərdə İsrail ordusunun itkiləri 69 nəfərə çatıb. 

HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər

Bu arada HƏMAS-ın israilli girovları azad etməsi ilə bağlı detallar açıqlanıb. İsrailin “Channel 12″ telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, razılaşmanın cümə axşamı və ya cümə günü (24 və ya 25 noyabr) həyata keçiriləcəyi gözlənilir. Qətərin vasitəçiliyi ilə imzalanan razılaşmaya əsasən, HƏMAS-ın nəzarətində olan 50 israilli İsrail həbsxanalarında olan 150 fələstinli məhbusun əvəzində azad ediləcək. Razılaşma həmçinin döyüşlərdə dörd günlük fasilə və yanacaq da daxil olmaqla, humanitar yardımla dolu 300 yük maşınının Qəzzaya daxil olmasını da əhatə edir. Razılaşma atəşkəsin uzadılmasına və hər iki tərəfin əlində olan daha çox uşaq və qadının potensial azadlığa buraxılmasına imkan verir. İsrail telekanalı azadlığa buraxılacaq israillilər arasında 30 uşaq, 8 ana və daha 12 qadının olacağını bildirib. İsrail tərəfi hər israillinin müqabilində üç fələstinli məhbusu azad edəcək. 4 günlük atəşkəs müddətində hər gün 12-13 israilli girovun azad ediləcəyi gözlənilir. Bildirilib ki, daha 20 israilli girov atəşkəsin 2 günlük uzadılması üçün azad oluna bilər. “İsrail ordusu Qəzzanın şimal hissəsinə nəzarəti davam etdirəcək. Yanacaq yalnız atəşkəs dövründə Qəzzaya buraxılacaq”, – telekanal məlumat verib. İlk mərhələdə 10 israilli girovun azad ediləcəyi, bundan sonra isə fələstinli məhbusların birinci qrupunun azad ediləcəyi gözlənilir. İsrailin KAN radiosu isə rəsmi mənbəyə istinadən bildirib ki, azad ediləcək bütün girovlar İsrail vətəndaşıdır. “HƏMAS xarici vətəndaşları azad etsə, bu, razılaşmadan kənar olacaq. Atəşkəs dövründə hava hücumları sutkada 6 saat dayandırılacaq”, KAN radiosu bildirib.

HƏMAS İsraillə danışıqları dayandırdı

Belə vaxtda isə “Hizbullah”ın baş katibi Həsən Nəsrullah Beyrutda HƏMAS-ın nümayəndə heyətini qəbul edib. Məlumata görə, HƏMAS-ın nümayəndə heyətinə hərəkatın Qəzzadakı sədr müavini Xəlil əl-Həyya rəhbərlik edib. Bütün bu dinamika Fələstin üçün nə vəd edir? Sualı cavablandıran siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ümumiyyətlə, İsrail-Fələstin münaqişəsinin uzun tarixi var. Onun fikrincə, Yaxın Şərq hadisələrinə bir neçə prizmadan baxmaq lazımdır: “Bu proseslərin Azərbaycan üçün mənəvi və siyasi tərəfləri var. Əvvəla, İsrail bizə 44 günlük müharibədə dəstək olub, Fələstin lideri Mahmud Abbas isə ermənilərin din xadimləri ilə görüşdə onlara dəstək ifadə edib. Bu iki məqamı Azərbaycan ictimaiyyəti hər zaman qiymətləndirir. Amma İsrail və HƏMAS-ın arasında gedən əməliyyatlarda heç bir beynəlxalq normalar gözlənilmir və mülki əhali hədəf alınır, uşaqlar öldürülür, bütün mənəvi hədlər aşılır. Təbii ki, bu münaqişənin həlli üçün Fələstin dövləti yaradılmalıdır. Sadəcə, bu məsələnin reallaşmamasında ərəb ölkələrinin və Fələstinin də günahı az deyil. Beynəlxalq hüquqa əsasən Fələstin dövləti yaradılmalıdır. Əfsuslar olsun ki, böyük güclər buna mane olublar”. Ekspert hesab edir ki, hazırkı reallıqlar bu problemin həllini zəruri edir: “Sadəcə, ərəb ölkələrinin qrup maraqları milli maraqlarından üstün olub deyə Fələstin dövlətinin yaradılmasına dəstək ola bilmirlər. Burada OPEC ölkələri olan ərəb dövlətləri bu imkandan da yararlana bilərlər. Onu da deyim ki, fələstinlilər Osmanlı imperiyasının dağılmasında iştirak edib və türklərə xəyanət edərək ingilislərə işləyiblər. Bununla belə, Türkiyə prezidenti ədalətli yanaşaraq Fələstin dövlətinin qurulması vaxtının çatdığını bildirir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 8 =