İsveçin Baş naziri: Ölkəmizdə müsəlmanların təhlükəsizliyi olduqca vacibdir

İsveçin Baş naziri: Ölkəmizdə müsəlmanların təhlükəsizliyi olduqca vacibdir

Ultrasağ milli “İsveç demokratları” (Sverigedemokraterna) partiyasının rəhbəri Per Yimmi Okessonun məscidlərin sökülməsi ilə bağlı bəyanatından sonra Höteborqun 15 müsəlman təşkilatı açıq məktubla ölkənin Baş naziri Ulf Kristerssona müraciət edib. Məktubda İsveç müsəlmanları Baş nazirdən onları müdafiə etməyi, həmçinin bütün isveçlilərin maraqlarını aydın və cəsur şəkildə dəstəkləməyi, milləti birləşdirməyi, bütün isveçliləri təmsil etməyi, nifaq salmaq istəyən və insanlar arasında dini etiqadlarına, mənşəyinə görə ayrı-seçkilik salanlardan uzaq durmağı tələb ediblər.

AZƏRTAC xəbər verir ki, çərşənbə günü Ulf Kristersson ölkə müsəlmanlarına cavab məktubu göndərib və ona məktub ünvanladıqları üçün təşəkkürünü bildirib.

“Mən müsəlmanların bir çoxunun İsveçdə özlərini köməksiz və zəif hiss etmələrinə görə dərin narahatlıq keçirirəm. Biz bununla heç vaxt barışmayacağıq. İsveç müsəlmanlarının öz ölkələrində özlərini təhlükəsiz hiss etmələri və layiq olduqları hörməti görmələri mənim üçün olduqca vacibdir”, – deyə Baş nazir qeyd edib.

Həmçinin liberal “Mərkəz Partiyası”nın (Centralpartiet) lideri, türk əsilli Muharrem Demirok P.Y.Okessonun səsləndirdiyi fikirləri sərt tənqid edib.

“Okesson İsveçi və İsveçin maraqlarını böyük təhlükə altına atır. Biz indi elə bir dövrdə yaşayırıq ki, hər birimiz dediyimiz sözə görə məsuliyyət daşımalıyıq”, – deyə M.Demirok bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + eighteen =