Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.
Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.
Müşavirədə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir.
Ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin – doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib.
Dövlət Komitəsində, həmçinin Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Onlar ölkə rəhbərinin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər.
Report.az