Məktəbdə RƏZALƏT: “Paltar ala bilmədim, qızımı dərsdən qovdu”

Məktəbdə RƏZALƏT: “Paltar ala bilmədim, qızımı dərsdən qovdu”

“Mənə dedi kimə şikayət edirsən, et, heç kimdən qorxmuram. Çətin idi mənim maaş almağımı gözləmək?”

Bu sözləri Lent.az-a Goranboy rayonu Səfikürd kəndində yaşayan Şəhruz Əsədov deyir. 

Sizcə, şagirdi forma almağa pulu olmadığı üçün məktəbdən qovmaq olarmı? 

Sən demə, Səfikürd kənd orta məktəbində olurmuş…

Goranboy rayonu Səfikürd kənd orta məktəbinin direktor əvəzi Lamiyə Abışova ətək almağa pulu olmadığı üçün məktəbə şalvarla gələn 6-cı sinif şagirdini dərsdən kənarlaşdırıb. Sinif yoldaşlarının yanında qızı ağladaraq dərsdən çıxaran direktor onu forma almasa, məktəbə buraxmayacağını deyib.

Qızın atası Şəhruz Əsgərov deyir ki, ayın axırı maaş alanda qızına ətək alacaqmış:

“Qızımın ətəyi qısa olduğu üçün geyinə bilmirdi. Bu səbəbdən məktəbə şalvarla göndərdim. Şalvarla məktəbə getdiyinə görə, direktor qızımdan “Niyə formasız gəlmisən” deyə soruşub. Qızımın “formam yoxdur” cavabına direktor “get, qonşudan al, geyin, sonra dərsə gəl” deyib. Uşaq da ağlaya-ağlaya evə gəldi”. 

Belə olduğu halda, ata direktordan xahiş edib ki, bir müddət, yəni əmək haqqı alanacan qızını yola versin:

“Mən maaşımı almamışdım. Ona görə də qızıma forma ala bilmirdim. Amma bu xahişimi direktor saymadı. Səhəri gün məktəbə gedən qızımı yeni geri qaytardı. Mən bir daha zəng edib xahiş etdim. Direktor isə bütün bunların ona maraqlı olmadığını, formasız dərsə buraxmayacağını dedi. Mən də ona məsul şəxslərə şikayət edəcəyimi deyəndə, kimə şikayət edirsən, et, heç kimdən qorxmuram cavabını verdi. 
Qızım hələ də məktəbə getmir. Özünə qapanıb, psixoloji sarsıntı keçirib. Bu qədər çətin idi mənim maaş almağımı gözləmək?”.

Məsələ ilə bağlı Lent.az məktəbin direktor əvəzi Lamiyə Abışova ilə əlaqə saxlayıb. 

Direktor həmin şagirdin məktəbli formasının olduğunu iddia edir: 

“Mən o ailənin maddi durumunun aşağı olduğunu bilmirdim. İnanın, mən bu il 8 uşağa öz büdcəmdən məktəb forması almışam. Əgər mənə maddi durumunun aşağı olduğunu desə idi, mən hamıdan xəbərsiz ona forma alardım.

Həm də qızın forması var. Sentyabrda da bütün şagirdlər kimi məktəbə forma ilə gəlib. Daha sonra forma geyinmədi. Dəfələrlə həmin ailəyə xəbərdarlıq etdim. Aprelin 15-ə qədər də vaxt var idi. Bu tarixdən sonra məktəbə formasız gələn şagirdlər tədris binasına daxil ola bilməyəcəkdilər.

Valideyn şər atır. O, mənə dedi ki, uşağa forma geyindirməyəcəm”.

Goranboy rayon Təhsil Şöbəsindən bildirilib ki, direktorun və valideynin izahatı alınıb:

“Məsələ ilə bağlı araşdırma aparılır. Onların izahatı alınıb”.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − nine =