Makron və komandası çətin durumda: Paris Azərbaycana möhtacdır

Makron və komandası çətin durumda: Paris Azərbaycana möhtacdır

Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut hazırda Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan uran tədarük edəcəyi təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı Azərbaycana möhtac olacaq.

Fransanın daxili və xarici siyasətdə uğursuzluqları səngimir. Yay Olimpiya Oyunları ərəfəsində keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb. Fermerlər hökumətin aqrar sahədə apardığı islahatlara qarşı çıxır, yolları bağlayır, hakimiyyəti sərt tənqid edirlər. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xarici siyasətdə də vəziyyət fərqli deyil

Xarici siyasətdə də vəziyyət daxildən fərqlənmir. Bir vaxtlar müstəmləkəsi olduğu ərazilərdən biabırcasına qovulan Yelisey sarayı böyük gəlirlərdən məhrum olub. Müstəmləkələrin talanması ölkə büdcəsinə milyardlarla dollar gəlir gətirməklə yanaşı, həm də nüfuz məsələsi idi. İndi isə bunların heç biri yoxdur. Fransız iflasının əsas səbəbi kimi isə Prezident Emmanuel Makron göstərilir. 

İş o yerə çatıb ki, keçmiş müstəmləkələrdə Fransa bayrağı yandırılır, onu xatırladan hər şey məhv edilir. Onun yerini isə Rusiya və Türkiyə kimi dövlətlər tutur. Bu da Yelisey sarayını özündən çıxarır, əks addımlar atmağa vadar edir. Hər iki dövlətə qarşı total hücum kampaniyası da bu səbəbdən start götürüb. Məsələn, Paris Ukraynaya Avropa İttifaqına daxil olan ölkələrin hərbi kontingentini göndərməklə Rusiyanı hədələyir. Bu ideyası Qərb dövlətlərində avantüra kimi qələmə verilsə də, Makron hər vəchlə sözünü yeritməyə çalışır. Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq da bu planın tərkib hissəsidir. Türkiyəyə gəldikdə isə, Fransa mübarizəni açıq apara bilmir. NATO üzrə müttəfiq olması, Ankaranın nüfuzu və gücü bu planını açıq şəkildə reallaşdırmağa imkan vermir. Ümidi qalır yenə Ermənistana. Paris bu ölkədə anti-Azərbaycan ritorikanı gücləndirir, keçmiş separatçı rejimin tör-töküntülərinə açıq dəstək göstərir. 

Makronun yeni hədəfi Qafqaz və Mərkəzi Asiyadır

Bu istiqamətdə ən əsas məsələlərdən biri də Makron Fransasının Mərkəzi Asiyaya nüfuz etməyə çalışmasıdır. Əsas fikir bundan ibarətdir ki, Ankaranın Afrika siyasəti Fransanın müstəmləkə nizamını pozub. Makron da bu səbəbdən Ukrayna-Rusiya müharibəsinə müdaxilə edərək türk dövlətlərini öz hegemonluğu altına almağa çalışırlar. Son zamanlar o, bu istiqamətdə diqqətçəkən açıqlamalar verir. Türkiyənin Afrikada atdığı addımlar, bir çox ölkələrlə siyasi, hərbi və ticari yaxınlaşması, “qazan-qazan” taktikası Fransanı regionda arzuolunmaz ölkəyə çevirib. Planları alt-üst olan Fransa lideri Afrikadakı məyusluqdan sonra marşrutunu Qafqaza dəyişib, eləcə də Qazaxıstan və Özbəkistana da səfər edib. 

Türkiyə Fransanın planlarını pozur 

Makron hökuməti Qarabağda və Liviyada Türkiyəyə qarşı ağır məğlubiyyətə uğrayıb, müdafiə sahəsində türk şirkətlərinə qarşı ciddi itkilər verib. Bunlar faktlardır. Mövcud vəziyyətlə bağlı “Türkiyə” qəzetinə danışan ekspertlər qeyd edir ki, türk ordusu Fransanın Suriya və İraqdakı oyununu ciddi şəkildə pozub. Fransızlar da qisas almaq üçün Ermənistanı və Cənubi Qafqazı qızışdırmağa çalışırlar. Fransanın məqsədi uzunmüddətli müharibədir. 

KAFKASSAM rəhbəri Həsən Oktay hesab edir ki, “Fransa Suriya və Ermənistanda məskunlaşaraq Türkiyəyə qonşu olmaq istəyir. Fransızların Qafqaza marağının ən mühüm məqsədlərindən biri Türkiyənin diqqətini Aralıq dənizi başda olmaqla, bütün enerji və strateji əhəmiyyətli bölgələrdən yayındırmaqdır. Fransanın yandırmaq istədiyi atəş Türk Dövlətləri Təşkilatına böyük ziyan vuracaq. Makron yeni istismar sahələri açmağa çalışır. Onun türk cümhuriyyətlərinə səfərləri bu kontekstdə dəyərləndirilməlidir”, – deyə H.Oktay bildirib.

Fransanın uran arzusu

Qeyd edək ki, Emmanuel Makronun ötən il noyabrın 1-də Qazaxıstana səfəri zamanı uran alışı məsələsi prioritet olub. Enerji ehtiyacının 60 faizini Atom Elektrik Stansiyaları hesabına təmin edən Fransa üçün Qazaxıstanın əhəmiyyəti həm də bu ölkənin uranla zəngin olması ilə əlaqəlidir. Uranla zəngin olan və Fransanı təmin edən Nigerdə baş vermiş hərbi çevrilişdən sonra Paris üçün Qazaxıstanın önəmi daha da artıb. Bundan əlavə, Qazaxıstan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ və Norveçdən sonra Avropanı yanacaqla təmin edən üçüncü əsas ölkəyə çevrilib. Fransa Qazaxıstan iqtisadiyyatına 17 milyard dollar həcmində sərmayə qoymaqla beş ən böyük investor ölkə sırasında yer alıb. Özbəkistan da Fransa ilə əməkdaşlığı genişləndirməkdə maraqlı görünür. Ötən il Prezident Şavkat Mirziyoyev Fransa səfərindən 6 milyard dollarlıq müqavilələr portfeli ilə qayıtmışdı. Bu müqavilələrin əksəriyyəti enerji sektoruna aid idi. 

Paris Azərbaycana möhtacdır

Beləliklə, müsəlman və türk ölkələrin inkişafını gözü götürməyən Makron yenə də elə türk dövlətlərinə minnətçi düşüb. İstəyi odur ki, Mərkəzi Asiyadan uran tədarük etsin. Bir faktı da deyək ki, uranın hava nəqliyyatı ilə daşınması qadağandır. Quru yolların sahibi ölkələrlə də Makron hakimiyyəti qərəz və düşmənçilik yaşayır. Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut hazırda Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan uran tədarük edəcəyi təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı Azərbaycana möhtac olacaq. 

Beləliklə, ölkəsində müsəlmanlara qarşı “səlib yürüşü”nə çıxan Makron və komandası çətin durumdadır. Yoxsa min kilometrlərlə uzaqda yerləşən regiona üz tutmazdı – özü də, müsəlman və türk dövlətlərinə. Görünən odur ki, onlar vasitəsilə problemlərini həll etməyə çalışır. Belə baxanda problemdən çıxış yolu var. Bu yol da sadədir – birtərəfli siyasət yürütməkdən əl çəkmək, şəxsi mənafeyə yox, dövlət mənafeyinə əsaslanan praqmatik siyasətə üstünlük verilməlidir. Əks təqdirdə, Nigerdə olduğu kimi, ayaq basdığı hər yerdən qovulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 17 =