Maşın bazarında sahibkarlar ayağa qalxdı: “Bizə zülm verirlər”-Video
Avtomobil ehtiyat hissələri satışı üzrə ən böyük bazar hesab olunan Xətai rayonundakı “maşın bazar”ı minlərlə ailənin qazanc yeridir. 90-cı illərdən bəri el dili ilə desək, ən “xodovoy” yer hesab olunsa da, son illər zəifləyib. Bunun da səbəbi bazardakı obyektlərin icarə haqlarının həddindən artıq baha olmasıdır. Bazarda ən ucuz yerin qiyməti 650 manatdır. Biz hələ ən bahalısını demirik.
Sözügedən bazarda fəaliyyət göstərən sahibkarlar icarə haqlarını qalxması ilə bağlı etiraz ediblər. İddia edirlər ki, icarə haqları ikiqat qalxıb. Baxmayaraq ki, satıcılar obyektləri öz vəsaitləri hesabına təmir etdirib, qapı-pəncərə qoyurlar. Məsələ ilə bağlı qarşı tərəfin, yəni “Üzeyir 2”MMC-nin də mövqeyini öyrəndik. Özünü MMC-nin müdir müavini kimi təqdim edən Rövşən Paşayev bildirdi ki, buna səbəb kommunal xərclərin artmasıdır. Bəs yaxşı Vətən müharibəsi qazisi Ülvi Hüseynov hər dəfə ehtiyyat hissəsi almaq üçün bu bazara girərkən niyə ondan girişdə pul tələb edilir? Bax buna cavab ala bilmədik. Sualımızdan müxtəlif yollarla yayındlar. Hələ adıçəkilən MMC-nin rəhbəri Maarif adlı şəxs kabinetə girib çəkiliş qrupunun ərazidən uzaqlaşmasını gözləyirdi. Görünən odur ki, burada qiymətin düşməsindən söhbər gedə bilməz. İndi sahibkarları narahat edən başqa bir məsələ isə çəkilişdən sonra dükanların bağlanması və onların ərazidən zorla uzaqlaşdırılmasıdır. Elə qarşıdurma zamanı da bunun əyani şahidi olduq. Hər bir halda ölkə rəhbərliyi sahibkarlara yaxşı şəraitin yaradılmasını, onların müvafiq qurumlar və ya şəxslər tərəfindən incidilməməsini tövsiyyə və tələb edir.
Yəqin ki, bundan sonra “Üzeyir 2”MMC-nin rəhbər şəxsləri bu tələbin çəkisini hiss edəcəklər.
Apa.az