Nağara -dumbullu mövzu

Nağara -dumbullu mövzu

Maşallah, xalqımız hərtərəfli inkişaf edir. Bir zamanlar arvad-uşağını döyməklə məşhurlaşan adam birdən görürsən xalqın milli-mənəvi dəyərlərinin əldən getməyindən narahat olur, ziyalıları aktivliyə çağırır, deyir nə üçün məişətdə zorakılıq hallarının çoxalmasına susursunuz. 

Ancaq xalqımızın ziyalıları, əslində susub eləmir, hər biri öz sahəsində aktivdir, çalışırlar, əziyyət çəkirlər. Elə bugünlərdə 2 xalq artistindən ibarət manıslar qrupumuzun toy qiymətləri açıqlandı, səviyyənin yüksəkliyinə sevindik, dombalaq aşdıq. Onların sünnət toyunda iştirak üçün qoyduqları qiymətlə, yalan olmasın, heç Teylor Svift dünya turuna çıxmır. 

Burada mənfi, neqativ hal yoxdur, pul olmasa camaat verməz. Var ki, verirlər. Necə deyərlər, alan razı, verən razı, qələt eləyir qazı. (İndiki kontekstdə “qazi” də yazmaq olar, çünki bəzən müharibə veteranları maddi problemlərdən gileylənir. Lakin 2 xalq artistinin toy qiyməti 45 min manatdırsa, qazilər vaxtilə prioritetləri düzgün müəyyən etməyibdir. “Kalaş” götürüncə, zurna götürürsən, vəssalam). 

Üstəlik, repertuara baxanda görürsən ki, xalq artistlərimizin toyda eləmədiyi yalnız bircə iş qalır, onu burda yazmıram, bakılılar demiş, “əgübdür”. Yalnız işarə edim: o iş bəyin öhdəsinə düşür. Bu da bir daha göstərir ki, xalq artistlərimizdən ibarət zərb alətləri ansamblı məsuliyyətli, vacib və şərəfli yükün altına girmişlər. Məsələn, proqrama gəlingötürdü, qudagirdi, bəyverdi, gəlindurdu, yengəmindi, sağdışzırdı, xınayaxma, aşasma, xaşlama kimi tədbirlər daxildir. (Axırıncıları yanıltmac effekti üçün yazdım). 

Mövzudan uzaqlaşmaq kimi çıxmasın, son günlər məni bir məsələ ciddi şəkildə düşündürür: “Getdim gördüm bir dərədə erkək, kar, kor, kürkü yırtıq kirpi dişi, kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamayır” rədifli məşhur el yanıltmacımızı çağdaş dövrün konyukturuna necə uyğunlaşdırmalıyıq? Axı indi “kar, kor” kimi tanıtma üslubları neqativ qəbul edilir, mədəniyyətsizlik sayılır. “Getdim gördüm eşitmə əngəlli, görmə əngəlli kürkü yırtıq kirpi” deməliyikmi? O zaman da yanıltmacın effekti azalır. Hələ “kürkü yırtıq” təyininin respublikamızın iqtisadi tərəqqisinə uyğun gəlmədiyini də yazmıram. 

Ancaq dünən Məhkəmə Hüquq Şurasında iclas keçirilməsi, hakimlərin iş yükünün çoxluğu kimi mövzuların müzakirəsi sabaha aydın nəzərlərlə baxmağa həvəsləndirir, ümidləndirir. Deməli, biz problemləri görən, onların üstünə getmək istəyən vahid komanda ilə yanaşı addımlayırıq. 

Lakin Mərakeşdə Azərbaycan dilinin öyrədilməsi üçün səfirliyimizin kurs açmağını anlamadım. Səhv eləmirəmsə, Mərakeş ərəb dövlətidir, rəsmi dili də ərəbcədir (sonra internetdə baxdım – səhv eləmirəm). Diqqətli oxucuların yadında olar, bu yaxında mən “ana dilimizi qoruyaq” mövzusunda bir bayram tədbirindən çıxışı götürüb analiz eləmişdim, oradakı cümlədə 22 sözdən 12-si ərəb mənşəli idi. İndi belə çıxır səfirliyimiz mərakeşlilərə ərəb dilini öyrətmək fikrindədir. Sanki fransıza konyak çəkməyi öyrədirsən. Ya da, nə bilim, xalq artistinə yaltaqlanmağı. Gərək hamı öz işi ilə məşğul olsun. 

Sonda bir kriminal xəbərlə yazının nöqtəsini qoyaq. Rayonlarımızdan birində qonşunun həyətindən 3 kilo qoz oğurlayan zəhmətkeşə 1 ay həbs cəzası kəsilmişdir. Təzadı görürsünüz? 3 ton qoz əkişdirənlər, 3 kilo qoz çırpışdıranı tutub basır. O cümlədən xalq artistləri 45 minə toya gedirsə, həmin toy 3 kilo qoz oğurlayanlar üçün deyilsə, kimin üçün çalınır? Lap Heminqueyin o əsərindəki epiqrafvari sual qoyuram: bu toy kimin toyudur? 

Ya da rəhmətlik Nüsrət müəllim demişkən: “Sabah o qızın toyudur, Açılma, sabahım, açılma”. Elə o vaxtdan sabahımız açılmır. Qızın zibilinə düşmüşük. 

İndi söz əlaqədar təşkilatlarındır.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =