Naxçıvanda beş qardaşın tikdiyi hamam dağılır-Video
Ötən əsrin 80-ci illərinədək istifadə edilən və el arasında “Köhnə hamam” kimi tanınan Sədərək hamamı Sədərək kəndinin əsas məhəllələrindən birində yerləşir. Sədərək rayonundakı bu tikili hətta ermənilərin atdığı mərmilərin də “qurbanı” olub. Ötən əsrin 90-cı illərində erməni quldurlarının atdıqları güllələr və mərmilərdən hamamın bir hissəsinin dağılmasına səbəb olub. Sakinlər deyir ki, hamamın yerləşdiyi yerin qanuni sahibləri tərəfindən ərazi hasarlanıb.
Hasarlar abidənin dağılma prosesini ləngitsə də qarşısını tam ala bilməyib. Hamamçılar kimi tanınan qardaşlar tərəfindən tikilən hamam indi hündür hasarlar arxasında unudulub. Uzunluğu 10, eni 5 metrə bərabər olan hamamın diqqətçəkən xüsusiyyətlərindən biri dördkünc formalı divarlarının yuxarı hissədə birləşdiyi dairəvi formalı tavanı və onun üzərində yerləşən günbəzidir.
Tikili kompleksinin içərisi 1 vestibül və ona bitişik olan 2 əlavə otaqdan ibarətdir. Məsələ ilə bağlı Sədərək rayon İcra Hakimiyyətindən bildirdilər ki, hamamın yenidən təmiri ilə bağlı əvvəllər müraciətlər olub. Qarşıdakı ildə isə hamamın təmir olunması planlaşdırılır. Qeyd edək ki, 2021-ci il sentyabrın 21-də AMEA-NIN Naxçıvan Bölməsini tərəfindən Sədərək rayonunda 4 yeni abidə qeydə alınaraq pasportlaşdırılıb. Sədərək hamamı da həmin abidələrdən biridir.
Apa.az