Netanyahu hökuməti dövründə qətlə yetirilən fələstinlilərin sayı açıqlandı
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Binyamin Netanyahunun İsrail baş naziri postunu tutduğu müddət ərzində 3,5 minə yaxın fələstinli qətlə yetirilib, minlərlə fələstinli isə yaralanıb.
Son illər ərzində öldürülən fələstinlilər arasında 799 uşaq və yeniyetmə, həmçinin 342 qadın da var.
Netanyahu fələstinlilərin hüquqlarının sıxışdırılması ideyasının əsas “memarlarındandır” və o, açıq şəkildə ultrasağçılıq edir.
O, Qəzza sektoruna qarşı iki böyük hərbi əməliyyatı təsdiq edib. Bu əməliyyatlar böyük sayda dinc insanın ölümünə, həmçinin böyük dağıntılara səbəb olub.
2014-cü ildə keçirilmiş “Sarsılmaz qaya” əməliyyatı region tarixinin ən qanlı əməliyyatı olub. 50 günlük əməliyyat zamanı 551 uşaq və 299 qadın da daxil olmaqla, 2251 dinc fələstinli həyatını itirib.
Sözügedən əməliyyat zamanı Qəzzaya 6 min hava və 50 minə yaxın artilleriya zərbəsi endirilib. 11 mindən çox insan yaralanıb, 1500 uşaq yetim qalıb. 28 366 bina zərər görüb – 3 329 bina tam dağılıb. 65 min insan evsiz qalıb.
Netahyahu hökumətə ən çox başçılıq edən kimi tarixə düşüb. O, 2009-cu ildən bu vəzifədədir. O, həmçinin 1996-1999-cu illərdə də bu vəzifəni tutub. Netanyahu ümumilikdə İsrailin 7 hökumətinə başçılıq edib.