On il sonra məmləkətdə həkim qalmayacaq

On il sonra məmləkətdə həkim qalmayacaq

Kubra Məhərrəmova yazır…

Bu yağışla gündə adam qorxur şəhərdə hərəkət etməyə. Deyirsən elə bu dəqiqə yıxılıb xəsarət alacam, qalacam qapılarda ki, bir yaxşı həkim tapım, dərdimə dərman qılsın.

Allahdan da, paytaxtımızda nə düz-əməlli səki var, nə də düz-əməlli yol. Şəhərə iki damcı yağış düşən kimi, yollarımızı sel yuyur, səkilərimiz də kələ-kötür…

Travma bir yana, paytaxt sakinlərinin halına adam yanır, əl su, ayaq su, əyin-baş su… Zökəm bir yandan, soyuqdəymə bir yandan! Yenə də düşməlisən qapılara, həkim tapsan, bəxtin gətirdi…

Bu başdan sizi agah edim ki, deyəsən yaxşı həkim üzü görən sonuncu nəsil elə deyəsən bizik. Odur ki, nə qədər imkan var, gedin həkimlərin qəbuluna. Bir də gördünüz, məmləkətdə günün gündüz çağı, əlimizdə çıraq ağxalatlı həkim tapmayacağıq.

İndi deyəcəyəm niyə.

Deməli sentyabrda Bonn şəhərində Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu baş tutub.

Tədbirə Almaniyanın 81 şəhərindən 200 həkim, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər qatılıblar. Bu gün üçün təqribi olaraq Almaniyada 2000 azərbaycanlı həkim çalışır. Nə qədər tibb işçisi var, bu barədə dəqiq məlumat yoxdur.

Sağ olsun azərbaycanlı həkimlər, hər il bu forumu keçirirlər. Bu işi görənlərdən biri Almaniyada Azərbaycanlı Həkimlər Forumu İdarə Heyətinin sədri Elvin Hüseynov və Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayevdir. Qeyd edim ki, Nuran Abdullayev həkim kimi Almaniyada ilk əməliyyatını 28 yaşında edib. 11 dəqiqəyə beyin əməliyyatını icra edərək xəstənin beynindəki trombu xaric edib.

Həkim müsahibəsində qeyd edir ki, Almaniyada insult olan adam 15 dəqiqə ərzində xəstəxanaya çatdırılır və ona tibbi yardım göstərilir. Əməliyyat düzgün və vaxtında keçirilsə insult olmuş xəstə bir neçə gündən sonra adi həyata qayıda bilir. Elə həkimin dediyinə görə, bir insult xəstəsi üçün Almaniya hökuməti 150 000 avrodan çox pul xərcləyə bilər. Lakin əməliyyat bu xərcləri xeyli aşağı salır.

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumunun təşkilatçıları düşünürlər ki, gələcəkdə forumun bütün dünyada yaşayan azərbaycanlı həkimləri əhatə edəcəyi mümkündür.

Nə gözəl, çox pakizə. Belə çıxır ki, ölkənin qaymaq həkimləri üz tutur düz-dünyaya, Allah göstərməsin məmləkətdə də kimsə xəstələnsə, elə o həkimlərimizin ardınca da biz üz tutmalıyıq dünyanın dörd tərəfinə.

Əslində isə məsələ olduqca kədərlidir…

Heç kimə sirr deyil ki, tibb təhsili almaq çətinliyi (fiziki və zehni) ilə yanaşı ən baha başa gələn ixtisaslardan biridir. Bunun qəbul imtahanlarına hazırlaşmağı var, bakalavr təhsili var, rezidenturası və s. var. Necə deyərlər oxu-oxu bitmir. Sonra da işə qəbul olması var…

Elə konsert burada başlayır. Bir çox həkimlər iddia edir ki, işə düzəlmək üçün də “baxım-görüm” etmək lazımdır.

Çoxu da düşünür ki, buradakılara “baxım-görüm” etməkdənsə, elə gedim xaricə. Ən uyğunu da Almaniya görünür. Amma siz elə düşünməyin ki, xarici vətəndaşlar üçün Almaniyada həkim kimi çalışmaq asandır.

İlk növbədə həkim öz ixtisasından savayı alman dilini mükəmməl bilməlidir. Çünki həm xəstəyə, həm də həkim həmkarlarına xəstənin dərdini anlatmalıdır.

Namizəd həkimlər lisenziya almaq üçün çox ciddi seçimlərdən keçir və alman dilində iki imtahan verirlər. Danışıq alman dili və tibbi alman dili. Yəni ki, bayaq dediyimiz “baxım-görümlə” yazılmış qiymət və diplomla, Almaniya heç kimi gözləmir.

Bəzi almaniyalı ekspertlər isə düşünür ki, Almaniyada həkim kimi lisenziya almaq o qədər qəliz və çətindir ki, hökumət əcnəbi həkimlərə dəstək göstərməlidir. Əks halda alman səhiyyə sistemi böhranla qarşılaşa bilər. Ona görə də, əcnəbi həkimləri qısa zaman ərzində alman cəmiyyətinə inteqrasiya etmək lazımdır.

Son illər Almaniyada əhalinin qocalması, demoqrafik problemin olması ölkədə ciddi şəkildə həkim və tibb işçisi böhranı yaradıb. Ona görə də Almaniya perspektivli, savadlı kadrları ölkəyə dəvət edir. Son illər MDB və Şərqi Avropa ölkələrindən həkim axını gözə çarpacaq dərəcədə yüksəkdir.

Almaniyanın Federal həkimlər palatasının (BÄK) 2023-cü il üçün verdiyi məlumata görə, Almaniyada fəaliyyət göstərən əcnəbi həkimlərin sayı 60 000, ümumi həkimlərin sayı isə 557 528.

Cədvəl isə 2023-cü il üçün bu cür formalaşıb. Suriyadan 6120, Rumıniyadan 4668, Yunanıstandan 2943, Rusiyadan 2941, Türkiyədən 2628 nəfər.

Üstəgəl müxtəlif illərdə Almaniyaya miqrasiya edən azərbaycanlı həkimlərin sayını – təqribən 2000 nəfər. Gün kimi aydındır ki, bu rəqəm belə qalmayacaq, böyüyəcək.

Almaniya səhiyyə sistemi onu qarşıda gözləyən böhranı indidən həll etməkdədir.

Rəsmi məlumata görə Almaniyada 1000 nəfərə 5 həkim düşür. Hələ ki, bu rəqəm ölkə üçün uyğundur. Lakin təqaüdə gedən alman həkimlərin yerini doldurmaq lazımdır. Bundan əlavə proqnozlara görə, yaxın üç ildə fəaliyyət göstərən 5000-dən 8000-dək həkimin yeri boş qalacaq. Almaniyadakı tibb fakültələrinin məzunları isə bu boşluğu doldurmaq gücündə deyil.

Və bu zaman sual olunur ki, bəs Azərbaycanda yaxın 10 ildə səhiyyə sistemində nə baş verəcək?

Əlimizdə dəqiq statistika olmasa da, elə böyür-başımıza baxsaq görərik ki, bir az ayağı tutan, savadı olan, təhsil almaq üçün Türkiyəyə üz tutur. Oradan da Almaniyaya beş addımlıq yoldur…

Gənclər getdi, yaşlı həkimlər də təqaüdə çıxdı. Bəs biz nə edəcəyik? Biz də Almaniyaya gedək müalicə üçün? Axı bu yüksəksəviyyəli məmurlar üçündür, bizim kimi qara camaat üçün yox…

O gün həmkarlardan maraqlı bir yazı dərc etmişdi…

“Bizim Tibb Universiteti Almaniyaya işləyir. Məncə Almaniya hökuməti maliyyə ayırsın, heç olmasa həkimləri onlar üçün daha yaxşı yetişdirək. Bizim uşaqlara da rahat olsun. Ümumiyyətlə Almaniya gəlsin Bakıda bir tibb universiteti yaratsın, təhsil də olsun alman dilində. Ən yaxşısı budur. Nə valideyn xərcə-borca düşər, nə həkim olmaq istəyən”.

Məncə insanımızı bu qədər küsdürmək olmaz. Onsuz da, yollarımızdan bəllidir ki, Azərbaycanda fərli mühəndis yoxdur. İndi əlimizdə-ovcumuzda beş-on peşəkar həkim var, onu da yola salaq, sonra?

Unutmayaq ki, 44 günlük müharibədə, pandemiyada həkimlər olmazın mübarizəsini və qəhrəmanlığını göstərdilər. Neçəsi müharibədə, neçəsi pandemiyada həyatını itirdi.

Düşünürəm ki, cəmiyyət və toplum olaraq bir az da, həkimlərə qarşı hörmətli olaq. Pul verirəm həkim mənim xidmətçimdir demək deyil. Həkim ömrünün yarısını tibbi təhsilə və tibbi təcrübəyə xərcləyən kəsdir.

Nə isə, gedək ot və şəfalı çiçəklərin təsirini öyrənək. Belə görürəm deyəsən qayıdacağıq XX əsrin əvvəlinə. Azarımızı ot-ələflə müalicə edəcəyik.

Amma sevindirici məqam da var. Birdən Almaniyaya yolumuz düşsə daha alman dilini bilmək lazım deyil. Özümüzünküləri taparıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 13 =